Qiymətlər qalxır və ya “Simurq”la “Neftçi”də kadr problemi
26.12.2013 - 14:01
Qiymətlər qalxır və ya “Simurq”la “Neftçi”də kadr problemi
Artıq ikinci mövsümdür Topaz Premyer Liqasında yaş limiti tətbiq olunur. Apasport.az saytı bu limitin gələcək perspektivini araşdırıb. Söhbət indidən 2014/15 mövsümünün konturlarının cızılmasından gedir.

2012/13 mövsümündə hər komandanın heyətində 1992-ci il təvəllüdlü oyunçunun meydanda olmasını zəruri hesab edən AFFA-nın İcraiyyə Komitəsi sonradan ölkədə futbolçu çatışmazlığını gördü. Bu üzdən 2013/14, yəni indiki mövsümdə də bu limit 1992-ci illərə şamil olundu. Hərçənd, 21 yaşadək futbolçu termini hər il dəyişməlidir. Əvvəl 1992, sonra 1993 və s. Amma bu dəyişiklik 1 il təxirə salındı və bu yolla klublara güzəşt olundu. Ədalət naminə qeyd edək ki, çempionatda 1992-ci il təvəllüdlü yetərincə normal futbolçu var.

Amma növbəti mövsüm üçün vəziyyət heç də ürəkaçan deyil. Çünki 2014/15 mövsümündə bu rəqəm 1993 olmalıdır. Təbii ki, yenidən güzəşt olunmasa.

Cari mövsümün ilk yarısında meydana çıxan gənclərin yaşına nəzər salsaq, bəzi klubların işi gələn il lap qəliz olacaq. 18 turda 33 belə oyunçu meydana çıxıb. Ən azı 1993-cü il yanvarın 1-də anadan olan bu “33-lük” 2014/15 mövsümü üçün təcrübə qazanır. Amma necə?

Bunun üçün Premyer Liqa klublarının aşağı yaşlılarının 18 turda keçirdiyi oyun sayına baxaq. Bu 33 nəfər arasında “Simurq”un nümayəndəsi yoxdur. Deməli, zaqatalalıların işi gələn mövsüm asan olmayacaq. Belə kadr problemi “Neftçi”dən də yan ötməyəcək.

Cəmi 1 belə oyunçusu olan bakılıların gənc futbolçusu 1 qarşılaşmada meydana çıxıb. Düzdür, hər 2 komandanın əvəzedici heyətində də, aşağı yaş qruplarında da gənclər var. Lakin indidən Premyer Liqaya hazır olmayanların növbəti birincilikdə nə dərəcədə faydalı olacağı sual doğurur. Amma “Neftçi”nin icarədə olan gəncləri də var. Məhz onların sayəsində indi “Sumqayıt” hamıdan öndədir. “Gənclik şəhəri” təmsilçisinin 7 üzvü gələn il üçün hazır sayıla bilərdi. Amma artıq bu oyunçular arasında qaçaqaç başlayıb.

Slavik Alxasov “Xəzər Lənkəran”, Elşən Abdullayev “Neftçi” yolunu tutub. Amma onlara qoşulanlar da olacaq. “”Sumqayıt özü isə dağılmamaq və Premyer Liqada qalmaq üçün çabalayır. “İnter”lə “Bakı”nın hərəsinin 5, “Qəbələ” ilə “Xəzər Lənkəran”ın 4 belə futbolçusu var. Lakin onlar müvafiq olaraq, Ruslan Tağızadə ilə Slavik Alxasovu transfer edir. Qış “transfer pəncərəsi”nin ilk 2 keçidinin məhz bu limitə hesablandığı göz qabağındadır.

Deməli, artıq 20 yaşlıların qiyməti qalxır. Özü də benzinin qiyməti kimi. Amma bu 2 keçiddən biri – Alxasov hələ reallaşmayıb. Buna səbəb “Neftçi”nin özünün kadr problemidir. Bakılılar 1993-cü il təvəllüdlü futbolçuya olan ehtiyacları üzündən müdafiəçini saxlamaq arzusuna düşə bilər. Hər halda, “ağ-qaralar” gənclər arasında oyun sayında rekordçu olan Elşən Abdulayevlə kifayətlənməyəcək.

klubu
futbolçu
Oyun sayı
Sumqayıt
Elşən Abdullayev
17
Sumqayıt
Nurlan Novruzov
15
Sumqayıt
Slavik Alxasov
15
Xəzər Lənkəran
Ağabala Ramazanov
14
AZAL
Ruslan Tağızadə
13
Bakı
Vadim Abdullayev
13
Xəzər Lənkəran
Orxan Sadıqlı
13
İnter
Abdulla Abatsiyev
11
İnter
İlqar Ələkbərov
11
Qarabağ
Hacı Əhmədov
9
Sumqayıt
Orxan Əliyev
9
Bakı
Elxan Əhmədov
7
Qəbələ
Müşfiq Teymurov
6
Sumqayıt
Ruslan Nəsirli
6
Rəvan
Elvin Həsənəliyev
4
AZAL
Murad Ağayev
3
Bakı
Namiq Ələsgərov
3
Bakı
Vüqar Mustafayev
3
Qəbələ
Sadiq Quliyev
3
Bakı
Rəhman Hacıyev
2
Qarabağ
Təmkin Xəlilzadə
2
Xəzər Lənkəran
Kazım Kazımlı
2
İnter
Coşqun Diniyev
1
İnter
Fuad Bayramov
1
İnter
Ramil Mansurov
1
Neftçi
Məqsəd İsayev
1
Qarabağ
Ülvi Rəfizadə
1
Qəbələ
Elvin Camalov
1
Qəbələ
Nuran Qurbanov
1
Rəvan
Ayaz Mehdiyev
1
Sumqayıt
Bayram Nuruzadə
1
Sumqayıt
Tərlan Əhmədli
1
Xəzər Lənkəran
Elnur Cəfərov
1