Mario Souza: Antalyada hər şey fərqli olacaq
26.12.2013 - 17:02
Mario Souza: Antalyada hər şey fərqli olacaq
“Hazırda Braziliyanın San-Paulu şəhərindəyəm. Dünən ailəmlə birlikdə Milad bayramını qeyd etdik. Yanvarda Azərbaycana gələcəm və sonra komandanın hazırlıq keçəcəyi Türkiyəyə gedəcəyəm”. Bunu apasport.az saytına “Xəzər Lənkəran”ın seleksiyaçı məşqçisi Mario Souza deyib.

Duqlas Leytenin komandadan gedişindən sonra “Xəzər Lənkəran”ın qapı xəttinə yeni legioner alacağı gözlənilir. Ehtimal etmək olar ki, bu mövqeyə yenə braziliyalı əlcək sahibi dəvət olunacaq.

Ancaq Souza çalışdığı klubun sirrini paylaşmaq istəmədi: “Duqlas Leyte çox yaxşı qapıçı idi. Çox təəssüf ki, onun Azərbaycanda karyerası uğurlu alınmadı. Duqlasın problemi uyğunlaşma ilə bağlı idi. Yeni futbolçu gətirməyimizə gəlincə, bu haqda heç nə deyə bilmərəm. Yəqin ki, siz bizim Türkiyə toplanışımızı izləyəcəksiniz. Onda hər şeyin fərqli olduğunu görəcəksiniz. Bildiyiniz kimi, “Xəzər Lənkəran”ın qapısı həmişə böyük oyunçuların üzünə açıqdır. Hazırda danışıqlar apardığımız bir neçə oyunçular var. Ancaq onların adlarını sizinlə bölüşə bilmərəm”.

Səbuhi TOFİQOĞLU