Asif Məmmədov: “İnter” məni buraxmaz
26.12.2013 - 18:00
Asif Məmmədov: “İnter” məni buraxmaz
“İnter” klubunun yarımmüdafiəçisi Asif Məmmədovun apasport.az saytına müsahibəsi

- Topaz Premyer Liqasının ilk iki dövrəsini komandanız üçün necə qiymətləndirirsiz?
- Mövsümə yaxşı başlamadıq. İlk həftələrdə oyunumuz alınmırdı, özümüzə bənzəmirdik. Lakin son turlarda yaxşı çıxış etdik. Ümumən götürəndə, ilk iki dövrəni uğurlu saymaq olmaz. “İnter” daha yaxşı yerlərdə olmağa layiqdir. Bir şeyi də unutmayaq ki, liderlər aramızda fərq elə də böyük deyil.

- Sizcə, lazımsız xal itkiləri nədən qaynaqlanır?
- Nə deyim, yəqin ki, yeni gələn oyunçular hələlik komandaya uyğunlaşmayıblar. İnşallah, qış fasiləsindən sonra bu kimi problemlər aradan qalxar.

- Bəs öz oyununuz barədə nə deyə bilərsiniz? 13 matç, 2 qol – ötən mövsümlə müqayisədə zəif göstəricidir.
- Avropa Liqasında aldığım zədə məni çox geri saldı. Ancaq deməzdim ki, formamda çox uzağam. Son vaxtlar özümü tam hazır sayıram. Bir çox matçlarda iştirak etməməyim, start heyətdə yer almamağım baş məşqçinin qərarıdır. Buna da hörmətlə yanaşıram.

- Kaxaber Sxadadze niyə sizə daim şans vermir? Səbəbini deyib?
- Vallah, bunu baş məşqçinin özündən soruşmaq lazımdır. Heyətlə bağlı qərarı o, verir. Mənim ona nəsə deməyim, soruşmağım düz çıxmaz.

- “İnter”lə mövcud müqavilənizin müddəti nə vaxt başa çatır?
- Hələ il yarım burdayam, 2015-ci ilədək müqaviləm var.

- İş yerinizi dəyişmək ehtimalı var?
- Düzünü deyim ki, təkliflər var. Çempionluğa oynayan klublardan dəvətlər gəlib. Lakin müqaviləm olduğu üçün “İnter”də qalacağam.

- Transferinizlə bağlı “İnter”ə rəsmi müraciət olunub, yoxsa ancaq sizinlə danışıq aparıblar?
- Təkcə mənimlə danışıblar. Soruşublar ki, nə edə bilərik? Mən də dedim ki, il yarımlıq müqaviləm var, alınan iş deyil. Bilirəm, “İnter” rəhbərliyi ilə danışsalar belə, onlar gedişimə razı olmazlar. 99 faiz baş məşqçi buraxmaz.

- Ötən mövsüm inamlı çıxışınla diqqət çəksəniz də, Berti Foqtsun qəlbinə yol tapa bilmədiz. Almaniyalı mütəxəssisin millimizin “sükanı arxasında” qalması sizin üçün bəd xəbər oldu?
- Berti Foqtsla şəxsi tanışlığım yoxdur. Nə onun məndən, nə də mənim ondan incikliyim ola bilməz. Təlim-məşq toplanışlarında da olmamışam, deyəm ki, məndən narazı qalıb. Hələ də ondan dəvət gözləyirəm. Yeni müqaviləsinin şərtlərinə əsasən indi çempionat oyunlarını daha çox izləyəcək. Bu da özümü göstərmək baxımından yaxşıdır. Foqtsun daha 2 il burda olması mənim bu müddətdə yığmaya dəvət almayacağım anlamına gəlməməlidir. Hər şey ola bilər. Foqtsun mənimlə nə problemi ola bilər ki? Nə vaxt çağırsa, gəlib canla-başla oynayacağam. Bəlkə də, milliyə cəlb edilməyim üçün daha da yaxşı olmalıyam.