Yığmamız üçün münasib rəqib
27.12.2013 - 12:25
Yığmamız üçün münasib rəqib
AFFA milli komandaya yoxlama oyunu keçirmək üçün rəqib axtarışına çıxıb. Assosiasiya hələlik hansı federasiya ilə danışıq apardığını açıqlamasa da, apasport.az saytı 2014-cü ilin yoldaşlıq oyununda ilk FİFA pəncərəsində qarşılaşmaq üçün mümkün rəqibləri müəyyənləşdirib.

Fevralda Birləşmiş Ərəb Əmirliklərində baş tutacaq toplanışda Berti Foqtsun rəhbərlik etdiyi komanda böyük ehtimalla, Asiya yığmalarından biri və ya hansısa klubla görüşəcək. Martın 5-dəki oyun pəncərəsi üçün isə rəqib hələ də bəlli deyil.

AFFA bunun üçün fevralın 23-nü gözləyir. Çünki qurum AVRO-2016-nın seçmə mərhələsindəki rəqiblərimizlə görüşmək istəmir. Bu da başadüşüləndir. Lakin püşkatmadan sonra yoxlama matçınadək olan 10 gün ərzində rəqib tapıb, matçı razılaşdırmaq da asan olmayacaq.

İndidən danışıqlara start vermək, AVRO-2016-dakı rəqiblərimizlə oynamamaq üçün 2 variant var.

Birincisi, seçmə oyunlardan azad olan meydan sahibi Fransa ilə qarşılaşmaqdır. 2009-cu ildə İspaniya kimi nəhəngi Bakıya gətirən AFFA Mişel Platininin həmyerliləri ilə də oyun təşkil edə bilərdi. Lakin martın 5-də fransalılar Hollandiya ilə görüşəcəklər. Bu üzdən avropalılarla qarşılaşmağın ikinci variantına üstünlük vermək olar. Söhbət püşk zamanı bizimlə eyni səbətdə yer alacağından qarşılaşmayacağımız dəqiq olan komandalarla üz-üzə gəlməkdir.

Yığmamızın yer aldığı 5-ci səbətdə isə daha 8 komanda var. Əslində, bu yığmaların hər biri ilə görüşmək mümkündür. Lakin FİFA reytinqini də düşünmək lazımdır. Çünki nə qədər güclü komanda ilə görüşsək, qazanılan xal bir o qədər dəyərli olacaq. Həmin mümkün rəqiblər arasında ən yüksək mövqe isə İslandiyadadır.

Vaxtilə yoldaşlıq oyunu keçirdiyimiz şimallılarla yenidən ortaq məxrəcə gəlmək olar. Təbii ki, əgər onlar və ya digərləri artıq kiminləsə bu yöndə razılığa gəlməyibsə. Elə Albaniya da hər baxımdan münasib rəqibdir. Dəfələrlə görüşdüyümüz komandaya uduzmamaqla, reytinqimizə də töhfə verə bilərik. İslandiyaya uduzmaq ehtimalı daha çoxdursa, Admir Teli ilə Ansi Aqollinin komandası ilə görüşdə nəticəyə də ümid etmək mümkündür.

Yığmamızla eyni səbətdə yer alan millilər FİFA reytinqində
49. İslandiya
57. Albaniya
83. Makedoniya
89. Şimali İrlandiya
96. Moldova
101. Gürcüstan
102. Litva
126. Kipr