Topaz Premyer Liqasında 10 ən yarıtmaz transfer - SİYAHI
27.12.2013 - 19:00
Topaz Premyer Liqasında 10 ən yarıtmaz transfer - SİYAHI
Premyer Liqada qış fasiləsinə start verilib. Apasport.az saytının məlumatına görə, artıq son 6 ay ərzində klubların yayda transfer etdiyi yeni futbolçular haqqında fikir yürütməyin vaxtıdır.

Klublarımız mövsümlərarası fasilədə çox sayda yeni əcnəbilərin ölkəmizə ayaq basmasına şərait yaratdı. Bunlardan özlərini doğruldanlar da oldu, doğrultmayanlar da. Biz özlərini doğrultmayanlardan başlayacağıq.

Beləliklə, “Top-10”un ən yararsız futbolçuları bunlardır:

1. Melvin Platye. “Top-10”da ilk sırada “Neftçi”nin hollandiyalı hücumçusu Melvin Platye durur. Hollandiyanın NEK klubundan ölkəmizə təşrif buyuran bu futbolçunun səviyyəsinə heç kim şübhə etmir. Ancaq fakt odur ki, 25 yaşlı futbolçunun “qab”ı hər nə qədər zəngin olsa da, daxili mühitə uyğunlaşmaqda problemlə üzləşir. Təsadüfi deyil ki, böyük ümidlərlə “Neftçi”yə transfer olunan Platye 11 oyuna cəmi 1 qol vurub. Həmin qol isə VI turun “İnter”lə matçında penaltidən olub. Bu penaltini vurmasına görə isə onun komanda yoldaşı Rəşad Sadiqova alqış düşür. Çünki “Neftçi”nin kapitanı penalti nöqtəsinə hollandiyalının yaxınlaşmasına icazə verməsəydi, indi bu dəqiqə Platyenin qol hesabının qarşısında 0 rəqəmi dayanacaqdı.

2. Salif Ballo. “Simurq” malili futbolçunun ölkəmizdə “Xəzər Lənkəran”, “Turan”dan sonra 3-cü klubudur. Cüneyt Biçərin tapıntısı olan Ballo özünü iddialı klublarda göstərməkdə çətinlik çəkir. Get-gedə aydın olur ki, afrikalı hücumçunun yeri elə “Turan” imiş. Çünki ötən mövsüm elitadan düşməmək üçün çox əlləşən Tovuz klubunda özünü vurduğu qolları ilə yaxşı tərəfdən göstərəndə, “Simurq” rəhbərliyi elə bilirdi ki, Ballo Zaqatalada da xariqələr yaradacaq. Ancaq görünür, 15 oyundur “qol orucu”na tutulan və intizamsızlığı ilə seçilən 25 yaşlı futbolçu Zaqatalanın soyuq iqliminə tab gətirə bilmir.

3. Abdulvahid Afolabi. Yuri Syominin bəlkə də yeganə ən yarıtmaz futbolçusu ünvanına sahibdir. “Kuban”da da özünü göstərə bilməyən nigeriyalı hücumçuya Syomin tərəfindən demək olar ki, hər matçda şans verilib. Ancaq afrikalı hücumçu ampluasını doğrultmaqda çətinlik çəkir. 13 oyuna 1 dəfə də fərqlənə bilməyən futbolçu haqda yalnız bu cür düşünmək olar.

4. Joan Paulo. “İnter”in yay transfer siyasətini ümumilikdə yanlışlar arasına daxil etmək mümkündür. Bunların başında Joan Paulo durur. 3-4 mərkəz müdafiəçisinin olduğu “İnter”də braziliyalı futbolçunun nə işə yarayacağı əvvəlcədən maraqla gözlənilirdi. Cəmi 5 oyunda 341 dəqiqə forma geyən cənubi amerikalı müdafiəçi xüsusi istedadı ilə seçilmədi. Təsadüfi deyil ki, “İnter”dən qovulanlar sırasında başda onun adı da çəkildi.

5. Giorgos Pelagias. Ölkəmizdə çıxış edən ilk Kipr yunanı adına sahib çıxan müdafiəçinin hansı məqsədlə “Bakı”ya gətirildiyi bilinmir. Futbolçu ilk gəldiyi vaxtlardan heyətdə yer alırdı. O, 5 oyun meydan üzü gördü. Ancaq sən demə, bu məcburi addım imiş. Elə ki, sonradan ispaniyalı oyunçular komandaya gəldi, Pelagiasın da “Bakı” kitabı bağlandı.

6. İlço Naumoski. Məntiqlə Makedoniya yığmasının futbolçusu “İnter”dəki hücum xəttindəki boşluğu doldurmalı idi. Ancaq 30 yaşlı futbolçu sanki gəlişi ilə “bankirlər”in ön xəttinə də bədlik gətirdi. Komanda ilk vaxtlarda qol vura bilməməklə aşağı sıralarda qərarlaşdı. “Malatyaspor”un sabiq futbolçusu isə cəmi 4 oyun, 79 dəqiqə meydanda olduqdan sonra zədələndi. Bu isə onun “İnter” karyerasının sonu demək oldu.

7. Edu Oriol. Pireneyli futbolçu olduğu üçün düşünmək olar ki, bu oyunçu İspaniya vətəndaşlığı da olan Con Toşakın kadrıdır. Əgər belədirsə, lap pis. Uelsli çalışdırıcı dəvət etdiyi oyunçunu ancaq ehtiyatda saxladı. “Barselona”nın B komandasındakı çıxışı ilə tanınan cinah hücumçusu 7 oyuna 230 dəqiqə meydanda oldu. Bu qarşılaşmalarda isə Edunun komandasına xeyir verdiyini görən olmadı. Onun komandadan ayrılacağını görsəniz, təəccüblənməyin!

8. Freddi Borq. AZAL-a böyük ümidlərlə gətirilmişdi. İsveçli forvard digər həmyerliləri kimi özünü cənub ölkəsində göstərməkdə çətinlik çəkdi. Halbuki, Almaniyada oyun təcrübəsi olan Borqun “Xəzər Lənkəran”a keçən Junior Nildonu unutduracağı gözlənilirdi. Ancaq tam əksinə oldu. İsveçli hücumçu ölkəmizdə olduğu müddətdə saqqal uzatmağı ilə yanaşı, 6 oyun və 83 dəqiqəlik çıxışı ilə yadda qaldı.

9. Fredrik Holster. “Rəvan”ın bu futbolçusu komandanın ən lazımsız yay transferi adına layiqdir. Belə olmasaydı, Vladislav Qədirovla Şahin Diniyev isveçli oyunçuya şans verərdi. Düzdür, son turlarda Şahin Diniyev məcburiyyətdən onu oynatmalı oldu. Ancaq sonradan Fredrik lazımsız biri kimi komandadan qovuldu.

10. Alberto Noquera. “Bakı”nın növbəti yanlış transferi Noqueradır. “Atletiko” ilə “Bakı” arasındakı əməkdaşlıq sayəsində ispaniyalı futbolçu ölkəmizə ayaq basdı. “Atletiko”nun sabiq yarımmüdafiəçisi burda asanlıqla heyətə düşəcəyini zənn etsə də, yanıldı. Bunun nəticəsidir ki, Noquera yalnız 298 dəqiqə oynaması ilə öyünə bilər.