Cavid Hüseynov: O, hamıya kağızda yazı payladı - MÜSAHİBƏ
28.12.2013 - 12:10
Cavid Hüseynov: O, hamıya kağızda yazı payladı - MÜSAHİBƏ
Milli komandamızın və “Bakı”nın yarımmüdafiəçisi Cavid Hüseynovun apasport.az saytına müsahibəsi

- Başa çatmaqda olan ilan ilini necə dəyərləndirirsiniz?
- Bu il ərzində bütün oyunlarda meydana çıxmadım. Hansı ki, ilk dövrədə baş tutan görüşlərin hamısında əsas heyətdə olmuşdum. Ancaq ikinci dövrədə 7-8 tur meydana ehtiyat oyunçu kimi çıxdım. Bu amil məni bir az narahat etdi. Halbuki, ilk turlarda yaxşı başlayıb 4 qol vurmuşdum. İşlərim pis getmirdi. Sonra nə oldusa...

- Sonra qələbə qazandığınız “Neftçi” ilə görüşdə qırmızı vərəqə aldınız. Bu, “Bakı” karyeranıza bir qədər təsir etdi?
- Hə, bu amil bir az təsir etdi.

- Buna görə “kaş bu hərəkəti etməzdim” deyə, özünüzdə günah görürsünüz?
- Əlbəttə, görürəm. Bunu danmağın yeri yoxdur ki.

- Yeni at ilindən nə gözləyirsiniz?
- Hər il istəmişəm ki, klubda ildən-ilə yaxşılığa doğru dəyişikliklər olsun. Ancaq bu deməklə yox, məşq etməklə olur. Hər şey özümüzdən asılıdır. Necə məşq edəcəyik, necə hazırlaşacağıqsa, o cür də nəticə olacaq. Ümid edirəm ki, bu qış fasiləsi zamanı yaxşı toplanış keçərik, baş məşqçinin tapşırıqlarını yaxşı yerinə yetirərik və qayıdanda da tam formada olarıq. Oyunlar zamanı da özümüzü göstərərik.

- İlk dəfə İspaniyada olacaqsınız?
- İspaniyadan yığmanın oyunları zamanı keçib getmişəm. Ancaq orda oyun keçirmək mənə qismət olmayıb.

- “Bakı” ilə “Atletiko” yoldaşlıq matçı keçirəndə siz də oynayırdınız. Onda legionerlərsiz meydana çıxmışdınız. Bu dəfə İspaniyada bu komanda ilə qarşılaşsanız, yəqin ki, bu dəfə ciddi müqavimət göstərərsiniz...
- Maraqlı qarşılaşma olacaq. Ötən dəfə gənclərlə meydana çıxmışdıq və 0:3 hesabı ilə uduzduq. Bu dəfə legionerlərimiz də oynayacaq.

- Bunu revanş qarşılaşması adlandırmaq olarmı?
- Yox, o dərəcədə də adlandırmaq olmaz. Bu, ciddi oyun deyil. Yəni, çempionat oyunlarına necə hazırlaşırıqsa, buna da adi yoxlama oyunu kimi hazırlaşacağıq. Düzdür, “Atletiko” “Atletiko”dur. Bizdən hər baxımdan üstündürlər. Onların oyun zamanı tez fikirləşib, ani qərar qəbul etməsi bacarığı bizimkindən yüksəkdədir. Ancaq düşünürəm ki, “Atletiko” ilə maraqlı qarşılaşma olar.

- Milinko Pantiç futbolçuları istirahətə buraxanda onlara xüsusi tapşırıqlar verdimi?
- Verib. O, hamıya kağızda yazı payladı. Hər bir futbolçuya özünə görə məşq tapşırığı verilib.

- Qidalanma baxımından da tapşırıq verilib?
- Orda qida da var, məşq də. Hər şey var.

- Deyirsiniz, İspaniyaya gedəcəksiniz. Ancaq bizdə olan məlumata görə, sizə “Xəzər Lənkəran”dan maraq var. Belə bir təklif almısınızmı?
- Sizə nə maraqlıdır ki?

- Jurnalist üçün maraqlı nə ola bilər ki? Təbii ki, əldə etdiyimiz informasiyanı təsdiqləməyiniz...
- Mən bu suala cavab vermək istəmirəm.

- Susmaq razılıq əlamətidir...
- Necə istəyirsiniz, elə də başa düşün (gülür).

Səbuhi TOFİQOĞLU