Uçan ilanlar
28.12.2013 - 14:31
Uçan ilanlar
Son günlərini yaşadığımız 2013-cü ili Topaz Premyer Liqasında çıxış edən “ilanlar” üçün uğurlu saymaq olar. Söhbət ilan ilində anadan olan, məhz bu heyvanın adını daşıyan futbolçuların 2013-cü ildəki çıxışlarından gedir.

Apasport.az saytı adı Premyer Liqa klublarının iştirak ərizələrində olan 24 belə futbolçunun çıxışını araşdırıb. Onların da əksəriyyəti ili müsbət notda keçirib. Bombardirlər yarışının liderləri siyahısında da öndə “ilanlar” uçur.

Cəmi 9 qol vursa da, çempionatın ən yaxşı bombardiri kimi hamıdan öndə qərarlaşan Vaqif Cavadov məhsuldarlıq nümayiş etdirdiyi ilan ilində doğulub. 1989-cu il təvəllüdlü hücumçu ilan ilində millidə də qol sevinci yaşayıb. Özü də yenə Rusiyanı məyus etməklə, yığmamıza xal qazandırıb.

Bombardirlər yarışında Vaqifin ən yaxın izləyicisi olan 3 futbolçudan ikisi də ilan ilindəndir. Belə ki, 7 qol vuranlardan Reynaldo Silva və Daniel Subotiç Cavadovla həmyaşıddır. Özü də onlar da bombardirlər yarışının lideri kimi ilan ilində diqqət mərkəzində olublar. Reynaldo avrokuboklarda sərgilədiyi oyunla həm “Qarabağ”ı irəli daşıyıb, həm də azarkeşlərin sevgisini qazanıb. Ölkəmizə gələndən təxminən yarım il sonra tam parlamağa başlayan braziliyalıdan fərqli, Daniel “Qəbələ”yə transfer olunduğu qısa müddətdə diqqətləri özünə çəkdi.

Millimizin üzvləri Rauf Əliyevlə Rahid Əmirquliyev üçün il ikili hisslərlə başa çatır. Yığmada əsas heyət oyunçusu olan cütlük həm qol sevinci də yaşayıb, həm də azsaylı uğurlarda pay sahibi olublar. Lakin onların aparıcı futbolçusu olduğu klublar – müvafiq olaraq, “Bakı” ilə “Xəzər Lənkəran” üçün ilan amansız idi. Bakılılar avrokuboklara düşə bilmədilər, indi də turnir cədvəlinin orta pillələrdə qərarlaşıb. Cənublular isə Avropada acınacaqlı məğlubiyyət və cari mövsüm uğursuz startın əziyyətini çəkirlər.

Riçard Almeyda, Ulrix Kapolonqo və yığmanın üzvü Maksim Medvedev üçün də 2013-ü uğurlu sayılır. Onlar ilan ilində “Qarabağ”la avrokubokların pley-off mərhələsinədək irəliləyiblər. Şəhriyar Rəhimov, Tural Nərimanov (hər ikisi AZAL) və bütün adıçəkilən “ilanlar”dan 12 yaş böyük olan Aleksandr İaşvili (“İnter”) üçün “2013” sıradan bir il oldu. Onlar nə ciddi uğur, nə də üzüntü yaşadılar.

Əvəzində o qədər də pis təsir bağışlamayanlar - Nenad Kiso “Simurq”dan, Miro Varvodiç isə Avropa Liqasında mərhələlər keçməsinə kömək etdiyi “Qarabağ”dan ayrıldılar. Daniel Genov isə neçə vaxtdır heyətinə düşməkdə çətinlik çəkdiyi “İnter”ə lazım olmadı.

İlan ilində anadan olan digər futbolçular isə 24 yaşlarını qeyd etdikləri 2013-cü ildə aşkar uğursuzluqla üzləşib. Belələrinə Uğur Pamuk, Alberto Noquera, Aqil Məmmədov, Orxan Bəşirov, Elvin Musazadə, Elçin Sadıqov, Bəxtiyar Soltanovu aid etmək olar.