Emin Quliyev “Xəzər Lənkəran”dan ayrılır?
28.12.2013 - 16:56
Emin Quliyev “Xəzər Lənkəran”dan ayrılır?
“Mustafa Dənizliyə lazım olub-olmayacağımı bilmirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın məşqçisi Emin Quliyev deyib.

“Xəzər Lənkəran”ın çalışdırıcısı Mustafa Dənizli məşqçilər korpusuna əl gəzdirməyi düşünür.

Türkiyəli mütəxəssis Oğuz Çətinlə yanaşı, “Beşiktaş”da rəhbərliyi altında oynamış və “Çaykur Rizəspor”da bərabər çalışdığı İbrahim Üzülməzi də yanında olmasını istəyir. Bu isə o deməkdir ki, böyük ehtimalla, Dənizli Quliyevin xidmətinə ehtiyac duymayacaq.

Quliyev əməkdaşımızla söhbətində gələcək taleyinin necə olacağını bilmədiyini ifadə edib: “Bəlkə də, siz nəsə bilirsiniz, ancaq mənə bu barədə heç nə deyilməyib. Nə deyim, rəhbərlik necə məsləhət bilsə, elə də olacaq”.

36 yaşlı mütəxəssis “Xəzər Lənkəran”nın cari mövsümdəki uğursuz çıxışına da toxunub. O, mövsümə yaxşı başlamamaqlarının transfer çalışmalarında yol verilən nöqsanlardan qaynaqlandığını deyib: “Con Toşak işinin öhdəsindən gələ bilmədiyi üçün getdi. Deyərdim ki, o, uğursuz transferlərinin qurbanı oldu. Bu gün “Xəzər Lənkəran”da bu komandanın formasını geyinməyə layiq olmayanlar var. Ümid edirəm ki, Dənizli problemləri həll edib, yaxşı nəticə qazanacaq”.

Qeyd edək ki, daha öncə “Xəzər Lənkəran”ın sabiq çalışdırıcısı Con Toşakın yardımçıları olan Emin Quliyevlə Covanni Melkiorrenin, eləcə də, qapıçılarla işləyən Hafiz Əliyev işini davam etdirəcəyi bildirilmişdi. Lakin cənubluların yeni çalışdırıcısı Mustafa Dənizli bazar ertəsi rəhbərliklə görüşüb, məşqçilər korpusu ilə bağlı bəzi məsələlər aydınlıq gətirmək istəyir. Böyük ehtimalla, Toşakın dönəmindəki “üçlüy”ü artıq işinə başlayan Oğuz Çətinlə yanaşı, İbrahim Üzülməz və qapıçılarla işləyən Zafer Öğer əvəzləyəcək.