Topaz Premyer Liqasında 10 ən yaxşı transfer
28.12.2013 - 18:30
Topaz Premyer Liqasında 10 ən yaxşı transfer
Yayda ölkəmizə çox sayda yaxşı futbolçu gətirilməsə də, bunların sayının az olduğunu da demək insafsızlıq olar. Apasport.az saytı bu dəfə oxucularına Premyer Liqanın yayda transfer edilən ən yaxşı əcnəbilərinin “Top-10”unu təqdim edəcək. Beləliklə, başlayaq.

1. Daniyel Subotiç. Sözsüz ki, yay “transfer pəncərəsi”nin ən yaxşı oyunçusu adına serb futbolçu layiqdir. Baxmayaraq ki, 24 yaşlı futbolçu bombardirlər cədvəlində qərarlaşanlardan az oyun keçirib, ancaq hazırda siyahıda Vaqif Cavadovdan sonra onun adını görmək olar. İlk 5 turu Ukrayna Futbol Federasiyasından oynamaq üçün lisenziya gəlmədiyi üçün buraxmalı olan Subotiç debüt etdiyi AZAL-la oyunda səviyyəsini ortaya qoymağı bacardı. Həmin matçda qələbə topunu vuran Xorvatiya doğumlu futbolçu bundan sonra da qollarını sıraladı və ilk 6 ay ərzində uyğunlaşmada probleminin olmadığını göstərdi.

2. Mindauqas Kalonas. Hələ “Rəvan”da oynayarkən qısa müddətdə adından söz etdirməyi bacardı. Ancaq onun “Bakı” karyerasının da belə parlaq olacağına az adam inanırdı. Lakin Litva millisinin futbolçusu yarımmüdafiəçi olsa da, burda da bir-birindən vacib qollara imza atmağa başladı. Ölkəsində ilin futbolçusu seçilən Kalonas Reynaldo və Subotiçlə ilə birgə 7 top vurub. Cəmi 1 matçda meydana çıxmayan 29 yaşlı oyunçu 1325 dəqiqə meydanda olub. “Qarabağ”a 2:1 hesabı ilə qalib gəldikləri görüşdə onun meydana çıxmamağının səbəbi isə millimizin üzvləri Rauf Əliyev və Əfran İsmayılovla məşqdə əlbəyaxa olmasıdır.

3. Çumbinyo. Əsl adı Marinaldo Sisero da Silva olan braziliyalı oyunçu “Qarabağ”ın yay “transfer pəncərəsi” üçün ən yaxşısıdır. “Olimpiakos”dan Ağdam klubuna qoşulan futbolçu mərkəz yarımmüdafiəçisi olsa da, bəzi hallarda hücumçu funksiyasını da icra etməli oldu. Avrokuboklarda olduğu kimi, çempionatda da özünü göstərməyi bacaran sambaçı 5 qol vurub və cəmi 1 oyunda meydana çıxmayıb. Bu da onun zədə alması ilə bağlı idi.

4. Leonardo. “Qəbələ”nin hazırda 2-ci pillədə olmasında Leonardo da Silva Souzanın gördüyü iş danılmazdır. Donetsk “Metallurq”undan gəlmiş futbolçu texnikası və cəldliyi ilə seçilir. 21 yaşlı oyunçu imza atdığı 6 qolun 3-nü penaltidən vurubsa belə, sol cinah yarımmüdafiəçisinin meydanda gördüyü işin həcmi böyükdür. Təsadüfi deyil ki, vaxtilə bu cinahda Dodo adından söz etdirirdisə, indi onun adını çəkən yoxdur. Çünki Leonardo həmin mövqenin əvəzolunmazına çevrilib. O, cəmi 2 oyunda komandasına kömək edə bilməyib ki, bu da cəza ilə bağlıdır.

5. Karlos Kardoso. Növbəti ən yaxşı futbolçu ünvanına sahib oyunçu da Braziliyadandır. “Alaniya”nın sabiq mərkəz müdafiəçisi əvvəllər dayaq yarımmüdafiəçisi kimi oynasa da, sonradan İqor Mitreskini sıxışdıraraq müdafiənin mərkəzinə keçməyi bacardı. Tərlan Əhmədovun makedoniyalını əsas “11-lik”dən uzaqlaşdırması isə ən çox onun işinə yaradı. 13 oyuna 4 qol vuran futbolçu başla yaxşı oynadığını sübut etdi. Baxmayaraq ki, cari mövsüm zədə və cəzalı olduğu vaxtlar oldu, ancaq hazırda Kardoso “Neftçi”nin ən aparıcı üzvlərindən biridir.

6. Leroy Corc. “Neftçi”dəki Melvin Platye ilə komanda yoldaşı olsa da, ondan fərqli, hollandiyalı ölkəmizə uyğunlaşmaqda çətinlik çəkmədi. Bəlkə də bu, onun Surinam mənşəli futbolçu olmasından irəli gəlir. “Qarabağ”da 2 qol vurub. 16 oyun keçirsə də, meydanda orta hesabla çox az oynamaq şansı qazanıb – 862 dəqiqə. Ancaq bu onun heç də zəif oyunu ilə əlaqədar deyil. Belə ki, Corc Qurban Qurbanovun “gizli silahı”dır. O, meydana lazımi anlarda çıxıb aparıcı funksiyanı yerinə yetirir.

7. Lorentso Ebesilio. Tale elə gətirib ki, Ukraynada olduğu kimi, Ebesilio yenə Leonardo ilə eyni komandada olmaq imkanı qazanıb. Bəlkə də “Qəbələ”nin uğurunda bu kiçik amil gizlənir. Sol cinah yarımmüdafiəçisi olsa da, Syomin onun xidmətindən mərkəz yarımmüdafiəçisi kimi yararlanır. Belədə “Ayaks”ın yetirməsinə Leonardo və Subotiçin topla təchiz olunması baxımından böyük iş düşür. 17 oyuna 4 qol vuran hollandiyalı çempionatımızda cərimə zərbəsinin mahir ifaçılarından sayılır. Yeganə mənfi cəhəti vərəqəyə meylli olmasıdır.

8. Mbilla Etame. “Adanaspor”dan qalmaqalla ayrıldı. Ancaq ölkəmizdə 2-ci mövsümünü keçirən Junior Nildodan fərqli, qısa müddətə “Xəzər Lənkəran”a uyğunlaşdı. Kamerunlu futbolçu Con Toşak tərəfindən hücumçu kimi yox, cinah yarımmüdafiəçisi kimi oynadıldı. Buna baxmayaraq, afrikalı bu mövqedə də özünü göstərməyi bacardı. 15 oyuna 6 qol vuran Etame Əfran İsmayılov və Leonardo ilə bombardirlər cədvəlində eyni sıradadır. Mustafa Dənizli bu futbolçunun xidmətindən daha səmərəli yararlansa, cənublulara xeyri daha çox olacaq.

9. Pavel Kapsa. Siyahıda yeganə qapıçı “Simurq”un futbolçusudur. David Petrzkeviçi “Qəbələ”yə qapdırdıqdan sonra Zaqatala təmsilçisinin yaxşı qapıçı tapacağı az inandırıcı görünürdü. Ancaq “Simurq” Davidin həmyerlisini tapdı və qapı xəttini etibarlı əllərə yenidən həvalə etdi. Cari mövsümün əvəzedilməz oyunçularından olan 31 yaşlı qapıçı təcrübəsi və əla seyvləri ilə çox oyunlarda “Simurq”un müdafiə xəttinin yardımçısına çevrilib. Polşanın aşağı yaş qruplarından üzrə bütün komandalarında çıxış etmiş Kapsa 1 oyunda zaqatalalıların penaltidən qol görməsinə əngəl olub.

10. Nikoloz Gelaşvili. İlk vaxtlarda oyununa görə Qurban Qurbanovun çox tənqid olunmasına səbəb oldu. Ancaq sonradan Gürcüstan yığmasının hücumçusu özünə gəldi. Hazırda aktivində 5 qol var. Bu qollardan 2-nin çempionluq uğrunda mübarizədə “Qarabağ”ın əsas rəqiblərindən olan “Qəbələ”nin qapısına vurulması “Boxum”un sabiq forvardının itmiş nüfuzunu bir qədər yüksəltmiş oldu. İstisna deyil ki, qış fasiləsindən sonra Gelaşvili özünü daha yaxşı tərəfdən göstərəcək.