AZAL: Şüvəlandakı şərait Antalyadan pis deyil
28.12.2013 - 17:17
AZAL: Şüvəlandakı şərait Antalyadan pis deyil
AZAL klubunun qış hazırlıq planı məlum olub. Bu barədə apasport.az saytına komandanın mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifov məlumat verib.

O bildirib ki, paytaxt təmsilçisi Topaz Premyer Liqasının 2013/14 mövsümünün ikinci yarısına Bakıda hazırlaşacaq.

Yeni ilin 3-cü günündə bir araya gələn komanda yanvarın 4-5-də tibbi müayinədən keçəcək, 6-da isə test verəcək. Ayın 8-dən isə AZAL tam heyətlə məşq keçəcək. Həmin gün vətənlərində olan legionerlər komandanın düşərgəsinə qoşulacaq.

Yusifovun sözlərinə görə, ümumilikdə 5 yoxlama oyunu nəzərdə tutulub: “Qış fasiləsi dövründə 5 yoxlama matçı keçirəcəyik. Bu matçların tarixləri də dəqiqləşib. Komanda yanvarın 11-də, 15-də, 18-də, 22-də və 25-də meydana çıxacaq. İlk oyun günündə komanda üzvləri ikitərəfli matçda qüvvəsini sınayacaq. 15-də isə “Araz Naxçıvan”la görüşməliyik. Növbəti rəqibimiz isə “Sumqayıt” olmalıdır. Onlarla ilkin danışıq olub. Ardınca isə Masazırda toplanışda olan “Şahdağ”la qarşılaşmağı planlaşdırırıq. Yoxlama oyunu ilə bağlı “Neftçala”ya da müraciət etmişik”.

Klub rəsmisi bildirib ki, bütün hazırlıq prosesi və yoxlama oyunları Şüvəlanda keçiriləcək: “AZAL hazırlıq dövründə Bakıdan kənara çıxmayacaq. Komanda özünün Şüvəlandakı bazasında hazırlıq keçəcək. Heyət üzvləri yanvarın 13-25-də təlim-məşq toplanışı məqsədilə burada məskunlaşacaq. Burada şərait heç də Antalyadakından geri qalmır. Məşq və bərpa prosesi üçün şərait, fitnes zalı, bir sözlə toplanış üçün zəruri olan hər şərait var. AZAL yoxlama oyunlarını da Şüvəlandakı stadionunda keçirəcək”.

Qeyd edək ki, Topaz Premyer Liqasının ilk 2 dövrəsindən sonra AZAL 7-ci pillədə qərarlaşıb.