Dənizli Toşakın kadrlarını qovur?
29.12.2013 - 10:46
Dənizli Toşakın kadrlarını qovur?
Mustafa Dənizli ilə yeni dönəmə başlayan “Xəzər Lənkəran” daha 3 futbolçusu ilə yollarını ayıra bilər. Apasport.az saytının məlumatına görə, “ağ-yaşıllar”ın əməkdaşlığa son verəcəyi həmin futbolçular əcnəbilərdir.

Belə ki, “Xəzər Lənkəran”ın sabiq çalışdırıcısı Con Toşakın istəyi ilə komandaya cəlb olunan mərakeşli yarımmüdafiəçi Zoahir Benouahi, braziliyalı hücumçu Junior Nildo və ispaniyalı yarımmüdafiəçi Edu Oriol özlərinə yeni klub tapmalı olacaqlar. Onlar rəhbərliyin ümidlərini doğrultmadıqları üçün göndərilirlər.

Yayda Lənkəran təmsilçisinə transfer edilən Nildo və Benouahi cari çempionatda hərəyə 15 oyun keçiriblər. Mərakeşli bu matçlarda qol sevinci yaşamasa da, braziliyalının hesabında 4 dəqiq zərbə var. Oriol isə 7 görüşdə meydana çıxsa da, fərqlənə bilməyib.

Qeyd edək ki, “Xəzər Lənkəran” daha öncə 2 futbolçusunu – bolqarıstanlı müdafiəçi Radomir Todorovla braziliyalı qapıçı Duqlas Leyteni yola salıb.