Fərqli Türkiyə macəraları
29.12.2013 - 14:08
Fərqli Türkiyə macəraları
Azərbaycandan kənarda legioner həyatı yaşayan daha 4 futbolçumuz 2013-cü ili başa vurub. Apasport.az saytının məlumatına görə, Türkiyədə çıxış edən təmsilçilərimiz üçün 2013/14 mövsümünün ilk yarısı fərqli alınıb.

Türkiyə 1-ci liqa klubu “Tavşanlı Linyitspor”un şərəfini qoruyan Azərbaycan millisinin sabiq üzvü Usim Nduka və U-21-in qapıçısı Andrey Popoviç üçün 2013/14 mövsümünün ilk yarısı fərqli macəralarla əlamətdar olub. Onlardan biri əsas heyət oyunçusuna çevrilib, digəri isə PTT 1-ci liqada debüt belə etməyib.

Usim qonşu ölkədə 15 matça çıxıb. 13 çempionat və 2 kubok matçında iştirak edən müdafiəçi 3 sarı vərəqə ilə cəzalanıb. Yalnız 1 dəfə meydana sonradan daxil olan milliləşən legioner 3 dəfə özü komanda yoldaşı ilə əvəzlənib. Digər 11 görüşdə əvəzolunmaz sima olan Nduka Türkiyədə ümumilikdə 1278 dəqiqə oynayıb.

Popoviç üçün isə Tavşanlı karyerası uğursuz alınıb. Komandasının yarım mövsümdə keçirdiyin 21 matçdan yalnız 1-də meydana çıxan qapıçı 1-ci liqada debüt edə bilməyib. Yalnız kubokda iştirak edən Andrey penaltilər seriyasınadək davam edən görüşdə 120 dəqiqə çıxış edib. Matç ərzində qol buraxmayan qolkiper penaltilər seriyasında 6:5 hesablı qələbənin memarı olub.

“Fəthiyəspor”da çıxış edən Davud Kərimi də Popoviçin taleyini yaşayıb. Qapıçımız çempionatda debüt edə bilməyib. Yalnız kubokda meydana çıxan Kərimi 1 matçda 90 dəqiqə meydanda olub və 1 qol buraxıb.

“Dənizlispor”la ili başa vuran Saşa Yunisoğlu isə əsas heyət oyunçusuna çevrilə bilib. 18 çempionat oyunundan 14-də forma geyən müdafiəçi bütün qarşılaşmaları əvəzolunmadan çıxış edib. 1260 dəqiqə meydanda olan müdafiəçimiz 2 sarı vərəqə ilə də cəzalanıb.

Qeyd edək ki, Türkiyə çempionatının aşağı dəstəsindəki digər 3 legionerimizdən Branimir Subaşiç ili bu gün başa vurur. Fərid Quliyevlə Arif İsayevin isə qış fasiləsi başlamamış klubları ilə yolları ayrılmışdı. “Kahramanmaraşspor”da 3 dəfə meydana sonradan çıxan Quliyev vur-tut 30 dəqiqə meydanda olub. “Dənizlispor”da 5 çempionat və 1 kubok matçına çıxan Arif ümumilikdə 288 dəqiqə iş başında olub. 2 dəfə meydana sonradan daxil olan, 4 dəfə isə əvəzlənən təmsilçimizin 90 dəqiqə oynadığı görüş olmayıb.