Atları yəhərləyin!
29.12.2013 - 15:23
Atları yəhərləyin!
Son günlərini yaşayan 2013-cü il yerini təhvil verməyə hazırlaşır. İlan ilinin Azərbaycan futbolunda “ilanlar”ın hegemonluğu altında (http://www.apasport.az/xeber_Uçan
ilanlar_85231.html
) keçdiyini açıqlayan apasport.az saytı indi də 2014-cü ildə bu estafeti kimin qəbul etməli olduğunu araşdırıb.

Reynaldo Silva, Vaqif Cavadov və Daniel Subotiç kimi “ilan”ların meydan suladığı Azərbaycan stadionları indi “at”ların əlinə keçməlidir. Axı ilan ilində “ilan”lar at oynadırdısa, at ilində bu növbə “at”ların özünə çatmalıdır.

Əslində, Ələkbər Məmmədov kimi “at”ı olan, at ilində məşhur bürüncünü qazanan futbolumuz üçün 24 yaşı olacaq oyunçuların parlamasını gözləməyə dəyərdi. Lakin klublarımızın heyətinə baxanda “ilan”ları taxtdan sala biləcək “at” görünmür. Bu həm məşqçi, həm də futbolçulara aiddir.

Futbolçular arasında ən təcrübəli “at” – 36 yaşlı Samir Abasovdur. İlan ilini sürünməklə keçirən “Sumqayıt” klubunda kapitan olan müdafiəçidən başqa Topaz Premyer Liqasında çıxış edən iki “at”a da az-çox ümidlər var. Bunlar “Neftçi”də çıxış edən Bruno Bertuççi ilə Cavid İmamverdiyevdir.

Digər “at”ların isə “ilan” qabağına çıxa biləcəyi inandırıcı deyil. “Simurq”da İlkin Qırtımovla Orxan Səfiyaroğlu, “Qarabağ”da Osman Umarov, AZAL-da Emin Cəfərquliyev, “Rəvan”da Novruz Məmmədov, “Sumqayıt”da daha ikisi Məhəmməd Mirzəbəyovla Mirzağa Hüseynpur da at ilində anadan olub. Lakin onların “ilan”lara əlcək atması inandırıcı görünmür. Deməli, klublarımız qış fasiləsində xaricdən yeni, səviyyəli “at” gətirməlidir.

Baş məşqçilər arasında olan “at”ların da vəziyyəti yaxşı deyil. Şahin Diniyevin çalışdırıcısı olduğu “Rəvan” Premyer liqada qalmaq üçün mübarizə aparır. Milinko Pantiçli “Bakı” isə turnir cədvəlinin ortalarındadır.

Qeyd edək ki, dünya futbolunun məşhur “at”ları sırasında Miroslav Kloze, Canluici Buffon, Mario Balotelli, Cennaro Qattuzo, Toni Adams kimi simalar da var.