“Yaxın günlərdə “Xəzər Lənkəran”la müqavilə bağlayacağam”
29.12.2013 - 18:04
“Yaxın günlərdə “Xəzər Lənkəran”la müqavilə bağlayacağam”
“Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirovla söhbətimiz olub. Yaxın günlərdə bu klubla müqavilə bağlayacağam”. Bunu apasport.az saytına U-21 yığmamızın və “Neftçi”nin müdafiəçisi Slavik Alxasov deyib.

Cari mövsümün ilk 6 ayını “Sumqayıt”da icarə əsasında çıxış edən cinah oyunçusu “Xəzər Lənkəran”a keçidini təsdiqləyib.

Alxasov ancaq yeni müqaviləsinin müddətini açıqlamaq istəməyib: “Özüm müqaviləmin müddətinin neçə illik olacağını bilirəm. Ancaq bunu hələ ki mətbuata açıqlamaq istəmirəm. Yalnız müqavilə bağladıqdan sonra bunu biləcəksiniz”.

20 yaşlı futbolçu bu keçidə “Neftçi”nin də razılıq verdiyini söylədi: “Mənim “Xəzər Lənkəran”a keçidimə “Neftçi” də razılıq verib. Bu üzdən transferimdə problem olmayacaq. “Sumqayıt”da oynayarkən bağlanan icarə müqaviləsində belə bir bənd vardı ki, məxsus olduğum klub istədiyi vaxt bizi geri çağıra bilər. Ona görə də “Neftçi” qışda bizi geri çağırdı. Əks halda, mövsümün sonunadək “Sumqayıt”da çıxışımızı davam etdirəcəkdik”.

Qeyd edək ki, “Neftçi”nin “Sumqayıt”da icarə əsasında çıxış edən digər oyunçuları Kərim Diniyev, Elşən Abdullayev və Ruslan Qurbanovdur.

Səbuhi TOFİQOĞLU