Denkwürdiger tag für Vogts
30.12.2013 - 09:03
Denkwürdiger tag für Vogts
Bu gün Azərbaycan millisinin almaniyalı baş məşqçisi Berti Foqtsun həyatında əlamətdar gündür. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis 67 yaşını qeyd edir. Hazırda vətənində olan Foqts doğum gününü yaxınlarının ətrafında keçirəcək.

Almaniyalı artıq 6-cı ildir ad gününü millimizin “sükanı arxası”nda qeyd edir.

Belə ki, 2008-ci ilin aprelin əvvəlində yığmamıza baş məşqçi təyin olunan Foqtsun ad gününün vaxtı yeni il ərəfəsində olduğundan, heç vaxt ölkəmizdə olmur. Çünki həmin vaxt yığmaların oyunları və ya toplanışı keçirilmir.

Millimizin çalışdırıcısı futbol karyerası vaxtı bir kluba sadiq olub. Keçmiş sağ cinah müdafiəçi fasiləsiz 15 il (1965-79) Mönhenqladbax “Borussiya”sının şərəfini qoruyub. O, klubunda 5 dəfə Almaniya çempionluğunu (1969/70, 1970/71, 1974/75, 1975/76, 1976/77), 1 dəfə ölkə kuboku (1972/73) qazanıb. Beynəlxalq arenada isə 2 dəfə UEFA kuboku (1974/75, 1978/79) əldə edilib.

Yığmamızın baş məşqçisi Almaniya millisinin heyətində çıxış etdiyi ardıcıl 2 mötəbər turnirdə çempionluq sevinci yaşayıb. Bunlar 1972-ci ildə Avropa, 2 il sonra dünya çempionluğudur. Onun futbolçu kimi medal kolleksiyasında 1970-ci ildə dünya çempionatının bürünc, 1976-cı ildə Avropa çempionatının gümüş mükafatı da var. Ümumilikdə isə Foqts 12 il (1967-78) Bundestimdə çıxış edib. Əsas komandada 96 oyun keçirən müdafiəçi 1 qol vurmağı bacarıb.

Foqts baş məşqçi kimi də öz sözünü deyə bilib. 1996-cı ildə İngiltərədə keçirilən Avropa çempionatının qalibi olan Almaniya yığmasının hələlik son titulunu qazandıran da məhz Foqts olub. Ancaq bu, Foqtsun məşqçi kimi yeganə tituludur. O, 1990-98-ci illərdə çalışdırdığı Bundestimə Avropa çempionatının gümüş medalını (1992) da qazandırıb.

1998-ci ildə millidən ayrılandan sonra da 2 il işsiz qalan Foqts yenidən vətənində çalışıb. Ancaq 2000/01 mövsümündə “Bayer”lə uğur qazana bilməyib ki, bu da onun məşqçilik karyerasında yeganə klubdur.

2001-02-ci illərdə Küveyt, 2002-04-cü illərdə Şotlandiya, 2007-08-ci illərdə Nigeriya yığmasında işi uğursuz alınan Foqts milli komandamızın tarixinə nəticə baxımından düşə bilib. 3 seçmə mərhələdə komandamıza rəhbərlik edən almaniyalı əvvəl 5, sonra 7, bu il başa çatan tsikldə isə 9 xal toplayıb. Bunlar isə millinin tarixində 3 ən yüksək nəticədir.

DÇ-2014-ün seçmə mərhələsində isə yığmamız ilk dəfə 4-cü yeri tutdu. Ümumilikdə 64 matçda millimizi meydana çıxaran mütəxəssis 14 qələbəyə sevinib, 21 heç-heçə görüb və 29 məğlubiyyətə üzülüb. Komandamız onun rəhbərliyi altında 53 qol vurub və 88-ni buraxıb.