“Duqlasın Azərbaycanda çox qalmayacağını bilirdim” - MÜSAHİBƏ
30.12.2013 - 11:32
“Duqlasın Azərbaycanda çox qalmayacağını bilirdim” - MÜSAHİBƏ
“Qəbələ” klubunun braziliyalı qapıçısı Dieqo Koşta Silvanın apasport.az saytına müsahibəsi

- Hazırda harda istirahət edirsiniz?
- Braziliyada, Rio-de-Janeyroda istirahət edirəm.

- Milad bayramını necə qeyd etdiniz?
- Ailəm – həyat yoldaşım, uşaqlarımla birgə qeyd etdim. Braziliyada bu bayramı qeyd etməyin ayrı ləzzəti var. Ancaq çox təəssüf ki, Azərbaycanda olarkən məşqlərdən birində dizimdən aldığım zədə hələ də ağrı verir.

- Bu zədə sizdə necə yarandı?
- Durduğum yerdə oldu. Məşq edərkən qəflətən dizimdə ağrı hiss etdim. Sonra bu gücləndi və hərəkətlərimi məhdudlaşdırdı. Hazırda həkim nəzarəti altında bərpa prosesi keçirirəm.

- Bəs məşqlərə nə vaxt başlayacaqsınız?
- Yanvarın sonlarında. Buna kimi istəyirəm ki, ümumi məşqlərdə iştirak edim.

- Deməli, komandanızın Türkiyə toplanışında iştirak etməyəcəksiniz?
- Elədir. Mən tam sağalma və bərpa prosesini Braziliyada keçirəcəm. Ancaq təcili lazım olarsa, dərhal Azərbaycana qayıda bilərəm. Komanda Qəbələyə qayıdanda mən də onlara qoşulacağam.

- “Qəbələ” ilə müqavilənizin müddəti davam edir, yoxsa başa çatıb?
- Hələ may ayının sonuna kimi müqaviləm var. Ötən il “Vitoriya”dan bura keçəndə klubla 2 illik müqavilə bağlamışdım.

- “Xəzər Lənkəran”da çıxış etmiş həmyerliniz Duqlas Leyte “Quaranı”yə keçdi. Bəs sizin ölkənizdən təklifləriniz var?
- Mən Duqlasın Azərbaycanda çox qalmayacağını bilirdim. Ancaq ona qısa vaxt verildi. O ki qaldı mənə, vaxtilə Braziliyanın ən yaxşı klubları olan “Atletiko Paranaense”, “Fluminense” kimi komandalarında çıxış etmişəm. Son 5 ildir ölkəmdə kənarda legioner karyerası yaşayıram. Bunun 3 ili Portuqaliyada, demək olar 2 ili isə Azərbaycanda olub. Bu ölkələrdə tanındığım üçün həm Braziliya, həm də Portuqaliyadan təkliflərim var.

- Zədəli olduğunuzu nəzərə alsaq, əgər “Qəbələ” sizin əvəzinizə futbolçu gətirmək istəsə, sizin üçün problem olmayacaq ki?
- Mən sona kimi müqaviləmin tələblərini yerinə yetirmək niyyətindəyəm. Bundan sonra isə nə olacağını bilmirəm.

- “Qəbələ”də bu vaxt ərzində keçirdiyiniz ən unudulmaz oyunu soruşmaq istərdik...
- Hiss edirəm ki, hələ unudulmaz oyunumuz olmayıb. O hələ qarşıdadır. Çempionatda çox top vurmuşuq. Həqiqətən inanıram ki, biz titul uğrunda rəqabət apara bilərik. Premyer Liqada yaxşı komandalar var və hər birinə hörmət edirik. Ancaq biz çox çalışacağıq ki, sonda qalib olaq.

Səbuhi TOFİQOĞLU