“Qəbələ” “Atletiko” və “Arsenal”da oynamış futbolçunu transfer edir
30.12.2013 - 12:26
“Qəbələ” “Atletiko” və “Arsenal”da oynamış futbolçunu transfer edir
“Qəbələ” ilk transferini rəsmiləşdirmək üzrədir. Klubun baş meneceri Zaur Əzizovun apasport.az saytına verdiyi məlumata görə, ötən mövsüm Kiyev “Arsenal”ında çıxış etmiş Rafael Santos “Qəbələ”də çıxış edəcək.

29 yaşlı futbolçu “Qəbələ”nin yanvarın 5-dən start götürəcək Türkiyədəki təlim-məşq toplanışına qatılacaq. Orda tibbi müayinədən keçdikdən sonra braziliyalı mərkəz müdafiəçisi ilə 2 illik müqavilə bağlanacaq.

Bəs görəsən, tam adı Rafael Alves dos Santos olan futbolçu kimdir? Karyerasına Braziliyanın “Ponte-Preta” (2003-2006) klubunda başlayan Rafael Santos ölkəsində daha sonra “İnternasional” (2006-2007) və “Atletiko Paranaense”nin (2007-2011) şərəfini qoruyub. Sonuncu klubda olarkən Salvadorun “Vitoriya” (2008) və İtaliyanın “Bolonya” (2009/10) komandalarında icarə əsasında çıxış edib.

Legioner karyerası uğurlu olmayan Rafel ötən il qısa müddət ölkəsinin “XV noyabr” klubunda oynayıb. Sambaçının Avropada 2-ci karyerası isə uğurlu olub. Belə ki, ötən ilin iyununda “2+1” şərti ilə Kiyev “Arsenal”ı ilə müqavilə bağlayıb. Ancaq bu ilin oktyabrın 29-da Ukrayna təmsilçisinin müflis olaraq dağılması futbolçunun azad agent olmasına səbəb olub. Belədə “Qəbələ” futbolçusunu heç bir kluba pul ödəmədən birbaşa müqaviləyə dəvət edib.