“Fənərbaxça” rəsmisi: Bizə “Neftçi”ni uyğun gördülər
30.12.2013 - 15:46
“Fənərbaxça” rəsmisi: Bizə “Neftçi”ni uyğun gördülər
“Neftçi” ilə oyun barədə ətraflı məlumatım yoxdur”. Bu sözləri apasport.az saytına açıqlamasında Türkiyənin “Fənərbaxça” klubunun İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Orkun Yazqan deyib.

Qış fasiləsində təlim-məşq toplanışı keçmək üçün Antalyaya yollanacaq “Neftçi” qardaş ölkədə İstanbul nəhənglərindən “Fənərbaxça” ilə yoxlama matçı keçirəcək.

Görüşlə bağlı ətraflı məlumat almaq üçün əlaqə saxladığımız Yazqan bunları söylədi: “Mənim özümə də ətraflı məlumat verilməyib. Sadəcə, hazırlıq proqramı verilib, vəssalam. “Neftçi” və biz tərəfdən kimlərin danışıq aparmasından, təklifin kimdən gəlməsindən xəbərsizəm. Bu məsələni klub idarəçiləri həll ediblər. Biz də yanvarda Antalyada toplanışda olacağıq. Yəqin ki, yoxlama maçı keçirtmək üçün “Neftçi”ni uyğun görüblər”.

Qeyd edək ki, “Neftçi” İstanbul nəhəngi ilə “Mardan” stadionunda üz-üzə gələcək. Oyun yanvarın 17-də, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.