“Simurq” rəhbərliyi sözünün üstündə durmadı” - MÜSAHİBƏ
30.12.2013 - 16:29
“Simurq” rəhbərliyi sözünün üstündə durmadı” - MÜSAHİBƏ
“Simurq”un xorvatiyalı sabiq hücumçusu, hazırda Yunanıstanın AEK klubunda çıxış edən Zdravko Popoviçin apasport.az saytına müsahibəsi

- “Simurq”dan ayrıldıqdan sonra AEK-ə keçdiniz. Bu klubla müqaviləniz davam edir?
- Hələ AEK ilə 2,5 illik müqaviləm var. Ancaq xaricdən təklif gələrsə, bu komandadan ayrıla bilərəm.

- Yunanıstanda maliyyə problemlərinin olduğunu bilirik. Məhz Superliqada oynayan AEK buna görə dağılmamaqdan ötrü 3-cü dəstədə çıxış etməyə razılıq verib. Klubda hazırda vəziyyət nə yerdədir?
- Burda əksər klubun maliyyə problemi var. Ancaq AEK-də hazırda bu baxımdan sıxıntı yoxdur. Çünki komandaya yeni prezident gəlib. O, dəniz nefti sahəsi üzrə biznesmendir. 3,2 milyard dollarının olduğu deyilir. İyunda komandanın başına keçib və yenidən AEK-i Yunanıstanda böyük komandaya çevirmək istəyir. Klubun idarəetməsinə isə Afina komandasında vaxtilə oynamış əfsanəvi oyunçular cəlb olunub.

- “Simurq”da keçirdiyiniz ötən mövsüm ərzində oyunların əksəriyyətində çıxış etmişdiniz. 6 qol da vurmuşdunuz. Buna baxmayaraq, “Simurq” sizinlə yolları ayırdı. Səbəb nə oldu?
- Müqaviləm başa çatmışdı. Məni komandada saxlamaq istədiklərini bildirmişdilər. Klub tərəfindən mənə yeni müqavilə təklif edilməli idi. Ancaq onlar sözlərinin üstündə durmadılar və belə bir təklif olmadı. Onlar bizə son ayın maaşını verməmişdilər. Ancaq sonradan dedilər ki, gəl götür. Buna baxmayaraq, mən yeni klubumun hazırlıqlarında iştirak etdiyimdən gedib pulumu götürmədim.

- “Simurq”da keçirdiyiniz mövsümü necə dəyərləndirərdiniz?
- “Simurq”da yaxşı il keçirdim, gözəl atmosferdə oynadım. Zaqatalanın yaxşı adamları vardı. Nəticələrimiz də yaxşı idi.

- Həmyerliniz Miro Varvodiç “Qarabağ”dan ayrılıb. Klubdan bunun səbəbi kimi yeni gələn qapıçı İbrahim Şehiçə rəqabətdə uduzması və buna görə komandadan ayrıldığı göstərilib. Əslində isə səbəb başqadır. Onunla söhbət etməmisiniz ki?
- Yox, onunla danışmamışam. Mironun “Qarabağ”dan ayrıldığını sizdən eşitdim.

- Mətbuat yazır ki, “Qəbələ” ilə oyundan öncəki məşq zamanı qız dostu ilə birgə Varvodiç parkda gəzirmiş. Qovulmasının səbəbi kimi onun siqaret çəkməsi də göstərilir...
- Həqiqəti özündən başqa heç kim bilə bilməz. Onunla danışmadığım üçün bunun səbəbini bilmirəm. Ancaq deyə bilərəm ki, o, “Qarabağ”da yaxşı mövsüm keçirmişdi.

Səbuhi TOFİQOĞLU