Daha bir türkiyəli məşqçi ölkəmizdə çalışmaqdan imtina edibmiş
03.01.2014 - 11:43
Daha bir türkiyəli məşqçi ölkəmizdə çalışmaqdan imtina edibmiş
Xorvatiya yığmasının sabiq kapitanı Robert Prosineçki ilə yollar ayrıldıqdan sonra “Kayserispor” Türkiyənin ən məşhur çalışdırıcılarından olan Şenol Günəşə tapşırıla bilər. Apasport.az saytının məlumatına görə, hətta Günəş yeni transferlər edilməsi üçün klubdan zəmanət verilməsini istəyib.

Ancaq bu xəbərin ölkəmizlə bağlılığı məsələnin bir başqa tərəfidir. Belə ki, sən demə, “Trabzonspor”dan ayrıldıqdan sonra işsiz olan Şenol Günəş millimizi çalışdıra bilərmiş. Belə ki, AFFA oktyabr ayında ona təklif göndəribmiş. Ancaq 61 yaşlı çalışdırıcı dəvətə görə təşəkkür edərək yığmamızın başına keçməkdən imtina edibmiş.

Hətta Türkiyənin məşhur yazarlarından olan Ahmet Sezər bu haqda açıqlama da verib: “Şenol Günəş hazırda Türkiyə millisinin baş məşqçisi Fatih Terimdən də yaxşı çalışdırıcıdır. O, Terimi keçdi və onun dünya 3-cülüyü var. İşini çox yaxşı quran məşqçidir. Etdikləri edəcəyinin təminatıdır. Məncə, Azərbaycan futbolunu çox yüksək yerlərə daşıya bilər”. Sezər hətta onun köməkçilərinin Ünal Karaman və Sərhat Güllər olacağı halda, yığmamızın 2018-ci ildəki mundiala qatıla biləcəcəyini bildirib.

Qeyd edək ki, yaxınlarda digər türkiyəli məşqçi Aykut Kocaman da ölkəmizdə çalışmaqdan imtina etmişdi. “Fənərbaxça”nın sabiq çalışdırıcısı “Xəzər Lənkəran”ın ili 4 milyon avro olan müqavilə təklifini geri çevirmişdi.