“Xəzər Lənkəran”ın məyus etdiyi baş məşqçi “Fortuna”nı çalışdıracaq - FOTO
03.01.2014 - 15:24
“Xəzər Lənkəran”ın məyus etdiyi baş məşqçi “Fortuna”nı çalışdıracaq - FOTO
Düsseldorf “Fortuna”sının yeni baş məşqçisinin adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Almaniyanın 2-ci Bundesliqa klubuna Lorents-Qünter Köstner çalışdırıcı təyin olunub.

Mayk Büskensin istefasından sonra komanda müvəqqəti olaraq qapıçılarla işləyən məşqçi Oliver Rekə tapşırılmışdı. Onun komandanı meydana çıxartdığı oyunda “Fortuna” 2 qələbə qazanmış və 1 dəfə məğlub olmuşdu. Məhz bu oyunlarda 21 yaşadək millimizin üzvləri Tuğrul Eratla Ərən Taşkına əsas komandada oynamaq şansı verilmişdi. İndi 61 yaşlı baş məşqçinin yenidən gənc futbolçularımıza şans verib-verməyəcəyi maraqla gözlənilir.

Qeyd edək ki, Mönxenqladbax “Borussiya”sında Berti Foqtsun komanda yoldaşı olmuş Köstnerin son iş yeri “Volfsburq” olub. Cüneyt Biçərin vaxtında “Xəzər Lənkəran” bu baş məşqçini məyus edə bilib. Belə ki, 2012-ci ilin yanvarın 24-də cənublular Elnur Abdullayev və Branimir Subaşiçin qolları ilə onun çalışdırdığı “Volfsburq”un U-23 komandasını məğlub etməyi bacarmışdı – 2:1.