Dənizli “2”deyib, türklərə üstünlük verdi
05.01.2014 - 18:25
Dənizli “2”deyib, türklərə üstünlük verdi
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Xəzər Lənkəran”ın yoxlama oyunları ilə bağlı planlarına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, cənub təmsilçisi qonşu ölkədə cəmi 2 yoxlama matçı keçirməyi planlaşdırır.

İlk qarşılaşmadakı rəqib artıq məlumdur.

Belə ki, Mustafa Dənizlinin yetirmələri böyük ehtimalla, “Çaykur Rizəspor”la görüşəcək. Hazırda görüşün keçiriləcəyi rəsmən razılaşdırılmasa da, bu yöndə danışıqlar yekunlaşmaq üzrədir.

“Çaykur Rizəspor” Dənizlinin Azərbaycana gəlməzdən əvvəl çalışdırdığı son komandadır. Dənizli 2012-13-cü illərdə məhz Rizə təmsilçisinə başçılıq edib. 2012-ci ilin dekabrında komandanı qəbul edən mütəxəssis bu komandanı Superliqaya çıxardıqdan sonra yeni mövsümlə bağlı fikir ayrılığına görə Rizə təmsilçisindən ayrılıb.

Ötən mövsüm aşağı dəstədə uğurla çıxış edərək Superliqaya yüksələn “Çaykur Rizəspor” cari mövsümün ilk dövrənin 17 oyununda 16 xal toplayaraq 18 komanda arasında 15-ci pillədədir. Bu matç yanvarın 14-də və ya ertəsi gün baş tutacaq. “Xəzər Lənkəran”ın 2-ci oyununun vaxtı və rəqib isə hələ dəqiqləşməyib.