Millimizin qapıçısı: I dəstədən təklif almışam
06.01.2014 - 00:00
Millimizin qapıçısı: I dəstədən təklif almışam
“Sumqayıt” klubunun və millimizin qapıçısı Anar Nəzirovun apasport.az saytına müsahibəsi

- Dövrələrarası fasiləni necə keçirdiniz?
- Doğulduğum Qax rayonunda dincəldim.

- Sizdən fərqli, əksər futbolçular ölkə xaricinə yollanmışdı...
- Mən ailəmə bağlı insanam. Bu səbəbdən boş vaxt tapan kimi ailəmin yanına gedirəm. Xaricə getməyi sevmirəm. Qaxda dincəlməli yerlər çoxdur.

- Deməli, çempionatın ikinci hissəsinə hazırsınız?
- Əlbəttə. Yaxın günlərdə məşqlərə start verəcəyik.

- Fasilə zamanı başqa kluba keçəcəyiniz gözlənilirdi. Transferiniz nədən baş tutmadı?
- “Təklif almışam” desəm, çoxları reklam kimi başa düşəcək. Bu haqda müqaviləyə qol çəkdikdən sonra danışacam. Hazırda “Sumqayıt”a məxsusam. Xidmətimdə maraqlı olan klubla hazırkı komandam razılıq əldə edə bilsə, açıqlama verəcəm. Danışıqlar yekunlaşmadığından konkret nəsə deyə bilmərəm. Ola bilsin, ölkə xaricinə yollanım.

- Türkiyəni nəzərdə tutursunuz?
- Bəli, I dəstədən təklif almışam. Mənimlə yerli komandalar da maraqlanır.

- Belə çıxır ki, seçimi “Sumqayıt” rəhbərliyi edəcək...
- Müqaviləm olduğu üçün klubun istəyi vacibdir. “Sumqayıt” rəhbərliyi hansı komanda ilə razılıq əldə etsə, karyeramı həmin klubda davam etdirəcəm. Hazırkı klubumda da qala bilərəm. Bilirsiz, hər şey futbolçunun istədiyi kimi olsaydı, nə vardı ki. Bəzən şərtlərə tabe olursan. Həm də fasilədən sonra güclənmiş “Sumqayıt” izləyəcəksiniz.

- Komandanız 18 tur ərzində cəmi 1 qələbə qazanıb. Demək olar ki, hər oyunda qapınızdan top buraxırsınız. Bu cür şəraitdə oynamaq yığmanın qapıçısı üçün nə dərəcədə maraqlıdır?
- Qapıçı üçün vacib olan oynamaqdır. Autsayder olsaq da, “Sumqayıt”ın necə oynadığını hamı görür. Əzmkar, mübariz heyətimiz var. “Neftçi”, “Bakı”, “İnter” kimi komandalara qarşı çox yaxşı oyun nümayiş etdirdik. Açıq oyuna üstünlük verdik. Heç birindən qorxub, çəkinmədik.

- Hər halda, başqa kluba keçməkdə siz də maraqlı olmalısız...
- Düzdür, autsayder olmaq, hər oyunda qol buraxmaq yaxşı hal deyil. Ancaq nəyisə əldə etmək üçün əziyyət çəkmək lazımdır. İstərdim iddialı komandada oynayım, çempionluq uğrunda mübarizə aparım. Amma reallığı unutmamalıyıq. Sadəcə, yeni komandamın adını ona görə demirəm ki, transfer alınmaya da bilər. Bu hal başıma gəlib. O zaman adamı qınayırlar.

- “Sumqayıt”in güclənəcəyini dediniz. Maliyyə problemi olan komandada nə dəyişəcək ki?
- Komandadan çox futbolçu ayrıldı. Gənclərimiz istənilən güclü komandada oynayacaq gücdədir. “Neftçi”dən icarəyə götürülənlər geri qayıtdı, “Xəzər Lənkəran” iki futbolçumuzun xidmətində maraqlıdır və s. Rəhbərlik yeni komanda formalaşdıracaq.

- Gedənlərin bir qismi elə maliyyəyə görə ayrıldılar...
- Digər klublarla müqayisədə bizdə maaş aşağıdır. Ancaq aybaay deyilən məbləği veriblər.