Millimiz Çexiyaya məğlub oldu - YENİLƏNİB
06.01.2014 - 13:59
Millimiz Çexiyaya məğlub oldu - YENİLƏNİB
Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVI turnirin növbəti qrup oyunlarına start verilib. Apasport.az saytının xəbərinə görə, 1996-cı ilədək təvəllüdlü futbolçular arasında keçirilən beynəlxalq turnirdə millimizin növbəti rəqibi Çexiya yığması olub.

Peterburqski İdman-Konsert Kompleksində keçirilən görüşdə tərəflər ilk 3 xalını toplamağa çalışıb. Çünki Nikolay Adamın yetirmələri Yunanıstan millisi ilə ilk görüşdə hesabda öndə olsa da, son dəqiqələrdə qapısında top görməklə qələbənin bir addımlığından geri dönmüşdü. Özü də komandamız bu topu azlıqda qalmış rəqibindən buraxmışdı. Çexiya isə ötən turda Yaponiyaya 1:3 hesabı ilə məğlub olmuşdu.

Görüşün ilk hissəsində qapılara qol vurulmayıb. Ancaq fasilədən sonra çexlər daha dəqiq oynayaraq 2:0 hesablı qələbə qazanıb. Bununla da millimizin qrup birincisi olmaq imkanları minimuma enib.

Qeyd edək ki, qrupun digər oyununda Yunanıstan Yaponiya ilə qarşılaşacaq. Bu matç saat 14:15-də başlayacaq. Əgər Yaponiya qələbə qazansa, qrup birinciliyini özü üçün təmin edəcək.

Bu gün
AZƏRBAYCAN – Çexiya - 0:2
QOLLAR: Danis, 46; Takaç, 77
Rusiya. Sankt-Peterburq