Ruslan Abışovu “Qəbələ”nin məyus etdiyi baş məşqçi çalışdıra bilər
06.01.2014 - 13:31
Ruslan Abışovu “Qəbələ”nin məyus etdiyi baş məşqçi çalışdıra bilər
Millimizin futbolçusu Ruslan Abışovun şərəfini qoruduğu “Rubin”i çalışdıracaq namizədlər arasına daha biri əlavə olunub. Apasport.az saytının məlumatına görə, Kazan klubu hazırda “Styaua”nı çalışdıran Laurentsiu Regekampf variantına nəzər yetirir.

38 yaşlı rumıniyalı çalışdırıcı ölkəsinin ən perspektivli məşqçilərindən sayılır. 2012-ci ildən “Styaua”nı çalışdıran gənc məşqçi bu komanda ilə çempion olub və kluba Rumıniya Superkubokunu qazandırıb.

Çempionlar Liqasının qrupunu 3 heç-heçə və 3 məğlubiyyətlə başa vuran “Styaua” ötən ilin iyunun 22-də “Rubin”lə yoxlama matçı da keçirib. Həmin görüş qolsuz heç-heçə ilə başa çatmışdı. Ötən il Regekampfa Rusiyanın “Lokomotiv” və “Krasnodar” klublarından da maraq vardı.

Qeyd edək ki, bu baş məşqçi “Qəbələ”yə yaxşı tanışdır. Belə ki, ötən ilin yanvarın 30-da təmsilçimiz Dodonun qolu ilə Regekampfın çalışdırdığı komandanı məyus etməyi bacarmışdı.