Miroslav Soukup: Azərbaycan yığmasının əla müdafiə xətti var
06.01.2014 - 17:26
Miroslav Soukup: Azərbaycan yığmasının əla müdafiə xətti var
“Bu, çox asan olmayan matç idi. Mən Azərbaycanın Yunanıstanla oyununa baxmaq imkanı əldə etmişdim. Qeyd etmək istəyirəm ki, rəqibimizin əla müdafiə xətti var”. Apasport.az saytının məlumatına görə, bunu Çexiyanın U-18 komandasının baş məşqçisi Miroslav Soukup deyib.

Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Valentin Qranatkinin xatirəsinə həsr olunmuş turnirdə Çexiya yığması millimizi 2:0 hesabı ilə məğlub edib. Oyundan sonra keçirilən mətbuat konfransında Soukup sualları cavablandırarkən yığmamızı da tərifləməyi unutmayıb: “Komanda müdafiədən hücumlara sürətli keçir. Bu amil bizə olduqca çox problem yaratdı. Əgər siz indi mənim yığmamın yüksək faizlə topa yiyələndiyini xatırlatsanız, cavab verərəm ki, bu yalnız statistika və rəqəmlərdir”.

Soukup oyunda 6 əvəzetmə edib ki, bunlardan 5-i fasilə zamanı yerinə yetirilib. Çexiyalı çalışdırıcı bunu ilk hissədə fərqlənə bilməmələri ilə əlaqələndirib: “Mənim hər oyuna görə planım var. Əvəzlədiyim oyunçular sadəcə olaraq yorulmuşdular. Yeni qan lazım idi. Turnirin sıx qrafiki, qısa istirahət məni heyətdə rotasiya etməyə məcbur edir. Ancaq bu gün əsas səbəb o idi ki, qol epizodları yaratmağımıza baxmayaraq, ilk hissədə fərqlənə bilmədik. Bu mənzərə məni razı salmadı. Yaponiyaya məğlubiyyətdən sonra bizə psixoloji baxımdan bu matçda qələbə lazım idi. Kapitan haqqında verəcəyiniz sualı qabaqlayaraq deyim ki, mən də onu oyunun gedişində əvəzlədim. Ümumiyyətlə, yığmamızda hələ sarğını kimin daşıyacağı müəyyənləşməyib. Bu bizim üçün problemdir. Kapitan çox yüksək keyfiyyətlərə malik olmalıdır”.