“Diniyevin istefasından sonra kiməsə zəng vurmağı lazım bilmədim”
07.01.2014 - 14:09
“Diniyevin istefasından sonra kiməsə zəng vurmağı lazım bilmədim”
“Yoxlama matçları ilə bağlı planlarımızda bəzi dəyişikliklər olub”. Bu sözləri apasport.az saytına AZAL-ın baş məşqçisi Vaqif Sadıqov deyib.

Qış fasiləsində təlim-məşq toplanışını Bakıda keçməyə qərar verən “təyyarəçilər” 5 yoxlama matçında qüvvələrini sınamağı planlaşdırmışdılar. Lakin Şahin Diniyevin “Rəvan”ın baş məşqçisi postunu tərk etməsi AZAL-ın da işinə təsir edib: “Yanvarın 11-də “Rəvan”la yoxlama matçı keçirəcəkdik, Şahin müəllimlə danışmışdım. Lakin onun istefasından sonra kiməsə zəng vurmağı lazım bilmədim. Öz aramızda ikitərəfli oyun olacaq. Yanvarın 15-də “Araz Naxçıvan”la qüvvəmizi sınayacağıq. “Sumqayıt”la isə 2 dəfə qarşılaşmağı düşünürük. Biri bizim, digəri onların meydanında. Bu görüşlər 18 və 22 yanvar tarixlərinə planlaşdırılıb. Ayın 25-də isə “Şahdağ” və ya “Neftçala” ilə üz-üzə gələcəyik. Hələlik bu komandalardan hansı ilə qarşılaşacağımız dəqiqləşməyib”.

Ruslan Tağızadə və Freddi Borqdan sonra daha bir futbolçu qış fasiləsində AZAL-ı tərk edib. Bu, əsas heyətə düşə bilməyən Natiq Kərimidir. Sadıqov futbolçunun öz istəyi ilə komandadan ayrıldığını söyləyib: “Kərimi oyun praktikası qazanmaq üçün özü getmək istəyir. Biz ona azad agent statusu verəcəyik, heç problem olmayacaq. Yeni futbolçulara gəlincə, transfer siyahımızda 2-3 yerli oyunçu var. Əcnəbiləri isə baxışdan keçirəcəyik. Onların arasında tanınmış sima yoxdur. AZAL-da oynayacaqlar, siz də tanıyacaqsınız”.