Millimizin müdafiəçisi: Çox çətin mərhələdə olduğumu anlayıram
07.01.2014 - 18:53
Millimizin müdafiəçisi: Çox çətin mərhələdə olduğumu anlayıram
"Əvəzedici komandanın heyətində özümü doğrultmaq üçün hər zaman səylə çalışmışam. Bu səbəbdən əsas komandanın məşqlərinə dəvət alacağıma ümid edirdim və inanırdım ki, bu yaxın vaxtlarda baş tuta bilər”. Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin müdafiəçisi Şirməhəmməd Məmmədov deyib.

"Qəbələ"nin Antalya toplanışına əvəzedici heyətdən 2 futbolçu - Şirməhəmməd Məmmədov və Salman İbrahimov da cəlb edilib. Artıq 2 gündür qardaş ölkədə hazırlıq keçən "qırmızı-qaralar"ın əsas heyəti ilə məşqlərə çıxan gənc futbolçular çalışqanlıqları ilə komanda yoldaşlarından geri qalmır.

Əvəzedicilərin çempionatında müdafiə xəttindəki inamlı oyunu ilə diqqət çəkən Şirməhəmməd Məmmədov klubunun rəsmi saytına açıqlamasında əsas komanda ilə məşqlərə çıxmağın sevindirici və eyni zamanda məsuliyyətli olduğunu söyləyib. Gənc oyunçu ona verilən şansı lazımınca dəyərləndirmək üçün əlindən gələni əsirgəməyəcəyini bildirib: “Sevindirici haldır ki, bu arzum reallaşdı. Artıq komanda ilə məşqlərdə iştirak edirəm. Amma çox məsuliyyətli və çətin mərhələdə olduğumu anlayıram. Mənə verilən şansı dəyərləndirmək üçün var gücümlə çalışacağam. İlk məşqdə nisbətən həyəcanlı idim. Amma təcrübəli komanda yoldaşlarım və məşqçilər mənə dəstək olurlar. Bu da meydançada özümü rahat hiss etməyə yardım edir".

Qeyd edək ki, 18 yaşlı futbolçu "Qəbələ" Futbol Akademiyasının yetirməsidir. O, 14 yaşından Qəbələdə futbolun sirlərinə yiyələnir. 15 yaşından etibarən aşağı yaş qrupları üzrə milli komandalara dəvət alan Şirməhəmməd hazırda U-19 yığmasının üzvüdür.