Millimizin futbolçusu: İndi növbə bizimdir
08.01.2014 - 11:07
Millimizin futbolçusu: İndi növbə bizimdir
“İcarə əsasında “Sumqayıt”da çıxış etməklə oyun təcrübəmi daha da artırdım. Bir çox oyunda start heyətində meydana çıxmağım mənim üçün faydalı oldu. Amma əsas məqsəd bu təcrübədən yararlanaraq “Neftçi”nin əsas heyətində möhkəmlənməkdir”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin futbolçusu Elşən Abdullayev deyib.

19 yaşlı futbolçu hazırda “Neftçi”nin əsas komandasının Bakıdakı hazırlıqlarında iştirak edir. Gənc hücumçu cari mövsüm əsas komandada oynayacağına inandığını bildirib: “Artıq doğma komandamın düşərgəsindəyəm. Məşqlərimizi davam etdiririk. Bizdən öncə də Araz Abdullayev, Cavid İmamverdiyev, Mirhüseyn Seyidov, Elvin Yunuszadə, Tərlan Quliyev və Emin Mehtiyev kimi gənc futbolçular əsas komandaya cəlb olunmuşdu. İndi isə növbə bizimdir”.

Qeyd edək ki, Slavik Alxasov və Orxan Əliyevlə yanaşı, Elşən Abdullayevin də adı “Xəzər Lənkəran”la hallanırdı. Elşən 21 yaşadək millimizin də üzvüdür.