“Xəzər Lənkəran”da oynayacağım ağlıma gəlməzdi” - MÜSAHİBƏ
08.01.2014 - 11:51
“Xəzər Lənkəran”da oynayacağım ağlıma gəlməzdi” - MÜSAHİBƏ
“Xəzər Lənkəran” klubunun yeni transferi Orxan Əliyevin apasport.az saytının Antalyaya ezam olunan əməkdaşına müsahibəsi

- “Xəzər Lənkəran”a keçidiniz necə baş tutdu?
- Necə alındığı barədə dəqiq bir söz deməyə çətinlik çəkirəm. Bu komandaya qarşı oynamışam, qol vurmuşam. Yəqin ki, oyunumu bəyəniblər.

- Cənub təmsilçisindən dəvət almasaydınız “Sumqayıt”da qalacaqdınız, yoxsa başqa təkliflər vardı?
- Bəli, mövsümü “Sumqayıt”da bitirəcəkdim. Ondan sonra vəziyyətə baxacaqdıq.

- Sizinlə “Xəzər Lənkəran”dan ilk dəfə kim və nə vaxt əlaqə saxlayıb?
- Ötən ay Lənkəranda keçirilən sonuncu matçdan bir qədər sonra agentim Vaqif Heydərli dedi ki, baş məşqçinin xoşuna gəlmisən. “Xəzər Lənkəran”ın mənimlə maraqlandığını, heyətində görmək istədiyini söylədi. Beləliklə, davamı gəldi.

- “Xəzər Lənkəran”ın sizin üçün “Sumqayıt”a 60 min dollar ödədiyi söylənilir. Bu, doğrudur?
- Bu barədə dəqiq məlumatım yoxdur. Klublar arasında gedən danışıqların detallarını bilmirəm. Bilsəm, deyərdim. Mən də sizin kimi eşitmişəm ki, transferimin müqabilində “Sumqayıt”a 60 min ödənilib.

- “Sumqayıt”ın sizə borcu qalıb?
- Hər kəsə məlumdur ki, “Sumqayıt”ın maddi baxımdan sıxıntıları var. Borca gəlincə, bu, onlarla mənim aramda olan məsələdir. Açıqlamağa gərək görmürəm.

- Yeni komandada sizi necə qarşıladılar?
- Çox gözəl. Burada tanış uşaqlar var, məni mehriban qarşıladılar.

- Özünüz Lerikdə doğulmusunuz. Nə vaxtısa “Xəzər Lənkəran”da oynayacağınız ağlınıza gəlirdi?
- Düzünü deyim ki, heç fikirləşməmişdim. Heç vaxt ağlıma gəlməmişdi. Belə alındı.

- Adətən, cənublu futbolçular “Xəzər Lənkəran”ın əsas heyətində möhkəmlənə bilmirlər. Bu amil sizi qorxutmur?
- Hər şey özümdən asılıdır. Məşqlərə, işimə münasibət həlledici amildir. Mən yaxşı formada olandan sonra niyə də oynamayım?

- “Xəzər Lənkəran”da ilk məşqinizə uşaq kimi sevincək halda çıxdınız...
- Buradakı şərait, komandanın səviyyəsi sevinməyimə əsas verir. Gəncəm, belə şərtləri mənim üçün yenidir. “Xəzər Lənkəran”la “Sumqayıt” arasında böyük fərq var. Sabiq klubum gəncdir, hələ yolun başlanğıcındadır. İndiki komandam isə titullar qazanıb, uğurlu nəticələri var.

- Rusiya futbolunun yetirməsisiniz. Azərbaycana qayıtdığınız üçün təəssüflənmirsiniz ki?
- Nəyə görə təəssüflənməliyəm? Vətənimə qayıtmışam, milli komandada oynayıram və buna görə fəxr edirəm. Mənim üçün hər şey qabaqdadır.