Yığmamızın oyunlarının vaxtı müəyyənləşdi
09.01.2014 - 11:04
Yığmamızın oyunlarının vaxtı müəyyənləşdi
Yanvarın 20-25-də Türkiyənin Manisa şəhərində keçiriləcək Egey kuboku turnirinin təqvimi açıqlanıb. Apasport.az saytının məlumatına görə, 16 yaşadək futbolçulardan ibarət milli komandaların iştirakı ilə keçirilən ənənəvi yarışda 8 yığma mübarizə aparacaq.

Azərbaycan millisi A qrupunda Türkiyə, Yunanıstan və Ukrayna ilə qüvvəsini sınayacaq. Yanvarın 20-də baş tutacaq ilk turda komandamız Yunanıstanla üz-üzə gələcək. Matç Bakı vaxtı ilə saat 16:30-da başlayacaq. Ertəsi gün eyni vaxtda yığmamız meydan sahibləri ilə qarşılaşacaq. Ayın 23-də Ukrayna ilə baş tutacaq matç isə 14:00-da başlayacaq.

Yanvarın 25-də isə qrup qalibləri arasında final və ikincilərin 3-cü yer uğrunda görüşü baş tutacaq. Bu matçlar müvafiq olaraq 15:00 və 14:00-da başlayacaq.

Qeyd edək ki, B qrupunda Fransa, Norveç, ABŞ və Şotlandiya yığmaları mübarizə aparacaq.