Rauf Əliyev: Kamran orda yox idi - MÜSAHİBƏ
09.01.2014 - 17:01
Rauf Əliyev: Kamran orda yox idi - MÜSAHİBƏ
“Bakı” klubunun və millimizin hücumçusu Rauf Əliyevin apasport.az saytına müsahibəsi

- Artıq məşqlərə başlamısız. Komandaya kim nəzarət edir?
- Baş məşqçi hələ gəlməyib. Məşqlərə onun köməkçisi rəhbərlik edir. Bu gün qaçışla kifayətləndik. İkinci məşqimiz də olacaq.

- Fasilədən sonra narahatçılıq hiss etmirsiniz?
- Müəyyən qədər çətinlik var. Ancaq fasilə zamanı tam dincəlmədik. Fərdi hazırlıq proqramı verilmişdi. İstirahət zamanı onun əsasında məşqlər keçirdik. Az da olsa, problem yaşamamağımıza kömək etdi.

- İstirahət müddətində həmin proqramı tam yerinə yetirdiniz?
- Məşq edirdik. Daha çox futbol oynayırdıq. Bu da formamızı qorumağa kifayət edirdi.

- Son günlərdə “Bakı” ilə bağlı müəyyən xəbərlər yayıldı. Xüsusilə də Kamran Ağayevin komandadan kənarlaşdırılması bir qədər gözlənilməz oldu. O, bugünkü məşqdə iştirak edirdimi?
- Xeyr, Kamran yox idi.

- Hazırlıqda komandanın bütün üzvləri iştirak edirdi?
- Müəyyən səbəblərdən olmayanlar da var idi. Tam heyət İspaniya səfəri öncəsi bir araya gələcək.

- Kamran icazəli idi, yoxsa heyətdən kənarlaşdırıldığı üçün çalışmalara qatılmırdı?
- İstirahət yeni başa çatıb. Tam təfərrüatı ilə heç nə deyə bilməyəcəm. Çünki xəbərim yoxdur. Bildiyim qədəri ilə klub rəhbərliyi də ölkədə deyil. Ona görə də Kamranın komandadan kənarlaşdırılıb-kənarlaşdırılmadığı bilinmir.

- Bu cür qərarların qəbul edilməsi nədən irəli gəlir? Komandada nə baş verir?
- Elə ciddi problem də yoxdur. Bu gün bir məşq keçdik. Nə olduğunu bilmirik.

- Mindauqas Kalonasla aranızda baş verən mübahisə gündəmdən düşmür. Niyə anlaşa bilmirsiniz?
- Mənim nə Kalonasla, nə də digərləri ilə problemim var. Başımı salıb, futbolumu oynayıram.

- Deyilənə görə Kalonas mövsüm ərzində 10-dan artıq qol vursa, əlavə mükafat alacaq ki, bu da yerli futbolçuları, xüsusilə də sizi qıcıqlandırır...
- Heç kimin müqaviləsi ilə maraqlanmamışam. Kimin nə qədər aldığını bilmirəm. Özüm üçün oynayıram. Başqasının 1 manatında gözüm yoxdur. Belə söhbəti ağlımdan keçirmirəm.

- Komanda necə, qışda güclənməlidirmi?
- Buna baş məşqçi qərar verəcək. Bu bizim işimiz deyil. Amma komandanın üzvü kimi deyə bilərəm ki, heyətimiz nə qədər güclü olsa, bu ancaq xeyrimizə işləyəcək.

- Bu heyətlə “Bakı” hansı yerlər uğrunda yarışa biləcək?
- Heyətimiz nə zəif, nə də güclüdür. Normal komandayıq. Başlanğıcda sabitlik çatışmırdı. Bu da heyətin yeni yığılmasından irəli gəlirdi. Tədricən öz oyunumuzu tapırıq. Bir-iki futbolçu da heyətə qatılsa, daha güclü ola bilərik.

- “Bakı” adətən qış fasiləsinə qədər zəif təsir bağışlayır, amma sonradan özünə gəlir. Bu tendensiya nədən qaynaqlanır?
- Təki siz deyən kimi olsun. Heyətin tez-tez dəyişməsindən irəli gələn haldır.

- Əksər klublarımızdan fərqli olaraq “Bakı” təlim-məşq toplanışı keçirmək üçün Antalyaya yox, İspaniyaya yollanacaq. Daha güclü rəqiblərlə qarşılaşmaq baxımından bu əlavə üstünlük yarada bilərmi?
- İspaniyada olmamışam. Birinci dəfə gedəcəm. Hər zaman toplanış üçün Antalyaya getmişəm. Ancaq orda olanların fikrincə, İspaniyaya daha güclü komandalar gəlir. Bu bizim üçün yenilik olacaq. Çünki Antalya hər zaman getdiyimiz məkandır. Bu dəfə ab-havanı dəyişəcəyik.