“Qarabağ” rəhbərliyinin futbola “töhfə”si
09.01.2014 - 19:00
“Qarabağ” rəhbərliyinin futbola “töhfə”si
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qarabağ” yeni futbolçunu sınayır. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi ötən qış “Qəbələ”də baş məşqçi Ramiz Məmmədovun etimadını qazana bilməyən Fərhad Qıstarovu baxışdan keçirir.

“Qarabağ”ın ustalıq səviyyəsi yüksək olmayan dağıstanlı futbolçuya marağı təsadüfi deyil.

İş ondadır ki, komanda 19 yaşlı dayaq yarımmüdafiəçisini milliləşdirmək istəyir. Məqsəd isə heyətdə olan 21 yaşadək futbolçuların sayını artırmaqdır. Çünki limit səbəbi ilə 2014/15 mövsümündə meydanda 2 belə futbolçu olmalıdır.

Ardıcıl 2 mövsümdür həmin limitin 1992-ci il təvəllüdlü futbolçulara şamil edildiyini nəzərə alsaq, növbəti birincilikdə bu rəqəm ən azı 1993 olmalıdır. Qıstarov isə bu meyara tam uyğun gəlir. O, hətta ardıcıl 2 mövsüm limit baxımından “Qarabağ” üçün faydalı ola bilər. Lakin ağdamlıların əcnəbi futbolçuları milliləşdirərək, limit problemini yoluna qoymaq cəhdi təəssüf hiss doğurur.

Görünür, “Qarabağ” oyunçu yetişdirmək əvəzinə, ölkə futboluna bu cür töhfə verməyi üstün tutur.

Qeyd edək ki, Fərhad Qıstarov hazırda Rusiyanın II divizionunda mübarizə aparan "Qazprom transqaz Stavropol" klubunda çıxış edir. O, daha öncə “Kafqaztransqaz-2005” və OİK (Rostov) komandalarında forma geyinib.