“Neftçi”nin Böyük problemi
10.01.2014 - 12:00
“Neftçi”nin Böyük problemi
Baş məşqçisi Nazim Süleymanovla yollarını ayıran “Neftçi” ciddi problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar”ı yenidən Böyükağa Hacıyevin çalışdıracağı gözlənilsə də, vəziyyət dəyişib. Klub rəhbərliyi “Zəif”in bu posta dönüşünü rəsmən təsdiqləməyə cəsarət etmir.

Əslində, “Neftçi” idarəçiləri Süleymanovu Hacıyevlə əvəzləməyi özləri üçün həll olunmuş məsələ sayırdılar. Mətbuatda çıxan xəbərlər də bu yöndə idi. Lakin futbol ictimaiyyətinin “Zəif”in mümkünü dönüşünə sərt reaksiya göstərməsi paytaxt təmsilçisinin rəhbərliyini qərarlarını gözdən keçirməyə vadar edib. Görünür, klub prezidenti Sadıq Sadıqov müşaviri olduğu müddətdə davranışlarından dolayı Böyükağa bəyin gözdən düşdüyünü, ictimaiyyətdə sabiq köməkçisi Tərlan Əhmədov tərəfindən “torbatikən” elan edilən bir şəxsin ölkənin ən köklü klubunu çalışdırmağa layiq olmadığı fikri formalaşdığını nəzərə almayıb.

Xatırlayırsınızsa, Hacıyevin istefasının ardından baş məşqçi səlahiyyətlərini icra edən Əhmədov “ağ-qaralar”la yollarını ayırdıqdan sonra Superkubok oyununda məğlubiyyətin onların göndərilməsi üçün bəhanə olduğunu, Hacıyevin dəfələrlə onu komandadan uzaqlaşdırmağa cəhd etdiyini, lakin Sadıq Sadıqovun buna razı olmadığını söyləmişdi. “Neftçi”dəki gizli oyunları ictimaiyyətə açıqlayan Tərlan bəy xələfi Süleymanovun da “Zəif” tərəfindən “vurulacağını”, onu rahat işləməyə qoymayacağını söyləmişdi.

Əhmədovun proqnozları dolayısı ilə təsdiqini tapdı. Qış fasiləsinə 3-cü sırada yollanan, liderdən cəmi 2 xal geri qalan bir klubun baş məşqçisi istefa verdi. Daha doğrusu, onu buna sövq etdilər. Süleymanov gedişinin səbəb kimi öz istəyi ilə məşqçilər korpusu formalaşdırmaq və yeni oyunçuların alınması ilə bağlı tələblərinin rəhbərlik tərəfindən qəbul edilmədiyini göstərir. Klub prezidentinin kimin tövsiyəsi və ya nə səbəblə haqqı olanı tələb edən baş məşqçiyə “yox” deməsi öz yerində, heç şübhəsiz ki, Nazim bəyin açıqlamadığı başqa amillər də var.

Qısası, ictimaiyyətdə ötən ilin iyulunda “Neftçi” Çempionlar Liqasının II təsnifat mərhələsində mübarizəni dayandırdığı üçün baş məşqçi postundan istefa verən, lakin klubdan ayrılmayaraq, Sadıqovun müşaviri kimi camiəda qalan Hacıyevin öncə Əhmədovun, ardınca isə Süleymanovun “torbasını tikdiyi” fikri formalaşıb. Məhz bu səbəbdən də əksəriyyət onun yenidən “Neftçi”yə rəhbərlik etməsini istəmir.

Təsadüfi deyil ki, hazırda paytaxt klubunun rəsmiləri 3-4 mütəxəssis arasında seçim apardıqlarını, yeni baş məşqçinin kimliyinə ən qısa zamanda aydınlıq gələcəyini söyləyirlər. Ola bilsin ki, bu sadəcə, Hacıyevin təyinatının ara sakitləşəndən sonra rəsmiləşdiyini açıqlamaq üçün manevrdir. Lakin “Neftçi” idarəçilərinin ehtimal etmədikləri bir təzyiqlə üzləşdikləri üçün Böyükağa bəyin baş məşqçi postuna qaytarılmasından vaz keçmələri də mümkündür.

Gözləyək...