Haynkes “apasport”dan səs aldı, dünyanın ən yaxşısı seçildi
10.01.2014 - 13:03
Haynkes “apasport”dan səs aldı, dünyanın ən yaxşısı seçildi
Dünyanın ən yaxşı klub məşqçilərinin siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) öz nümayəndələri arasında keçirdiyi sorğunun nəticələrinə əsasən Yupp Haynkes 2013-cu ilin ən yaxşı klub məşqçisi seçilib.

Almaniyanın “Bavariya” klubuna ölkə çempionluğu, kuboku və Çempionlar Liqasını (ÇL) qazandıran mütəxəssis sorğuda 216 xal toplayaraq həmkarlarını arxada qoyub. Avropanın ən nüfuzlu klub turniri olan ÇL-in finalında “Bavariya”ya uduzan Dortmund “Borussiyası”nın baş məşqçisi Yurgen Klopp 101 xalla ikinci yeri tutub.

Ötən ildən “Bakı” ilə əməkdaşlığa başlayan və hazırda formasında “Baku-2015” loqosu olan İspaniya “Atletiko”sunun çalışdırıcısı Dieqo Simeone 61 xal toplayaraq, ilk “üçlüyü” qapayıb. İFFHS-in nümayəndələri ümumilikdə 9 məşqçiyə səs verib.

Qeyd edək ki, İFFHS-in sorğusunda qurumun Azərbaycan üzrə nümayəndəsi, apasport.az saytının əməkdaşı Vüqar Xeyrullayev də iştirak edib. O, planetin ən yaxşı klub məşqçisini düzgün müəyyənləşdirərək, 1-ci yeri Haynkesə verib.