“Bunda qorxulu bir şey yoxdur”
10.01.2014 - 18:54
“Bunda qorxulu bir şey yoxdur”
“İlk növbədə onu qeyd etmək lazımdır ki, Tatarıstan Respublikasının rəhbərliyi bütün idman növlərində yerli məşqçilərlə uğur qazanmaq istəyir. Düşünürəm ki, belə yanaşma özünü doğruldur”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Yuri Syomin deyib.

Təcrübəli mütəxəssis Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışovun da çıxış etdiyi Rusiya “Rubin”inə baş məşqçi təyinatına münasibət bildirib. Syomin adının da hallandığı posta Rinat Bilyaletdinovun təyinatını dəstəkləyib: “Rinat Bilyaletdinova gəlincə isə onun kifayət qədər təcrübəsi var. Bu məşqçi “Lokomotiv”də xeyli sayda yaxşı gənc futbolçu yetişdirib. Mən ona yalnız uğur arzulaya bilərəm. Bilyaletdinov həmişə futbolçunun şəxsiyyətinə önəm verir, hər oyunçunun güclü cəhətlərini üzə çıxarmağı bacarır. Çalışdırıcı məşq prosesinə əla rəhbərlik edir ki, bunun sayəsində futbolçuların oyun keyfiyyətlərini üzə çıxarmaq, ustalıqlarını artırmaq olur. Onun əvvəllər əsas komandalarda işləməməsində qorxulu bir şey yoxdur. Yadımdadır ki. Bilyaletdinov bir müddət “Lokomotiv”də baş məşqçi əvəzi olmuşdu. Bu da o deməkdir ki. narahat olmağa dəyməz. Futbolu əla dərk etdiyi üçün təcrübəsi ona kifayət edəcək”.