Yuri Syomin: Leonardo cərimələnəcək - MÜSAHİBƏ
11.01.2014 - 00:00
Yuri Syomin: Leonardo cərimələnəcək  - MÜSAHİBƏ
“Qəbələ”nin baş məşqçisi Yuri Syomin “Maltəpəspor”la oyundan sonra (1:1) apasport.az saytının əməkdaşının Antalyaya ezam olunan əməkdaşının suallarını cavablandırıb.

- Öncə qarşılaşma haqqında fikirlərinizi bilmək istərdik...
- 2 fərqli hissənin şahidi olduq. İlk yarıdan razıyam. Futbolçuların meydandakı hərəkəti xoşuma gəldi. İkinci hissədə isə oyunumuz istənilən səviyyədə alınmadı. Çox top itkilərinə yol verdik. Digər tərəfdən bunu başa düşmək olar. Çünki meydanda çoxlu gənc futbolçu vardı.

- Komandanız artıq 5-ci gündür Bələkdə hazırlıq keçir. Başlanğıcdan razısınızmı?
- Razıyam. Yaxşı çalışmaq üçün əla şərait var. Uşaqların işindən də razıyam.

- Digər Azərbaycan klubları 4-5 oyun keçirəcəkləri halda, siz 7 matçda gücünüzü sınamağı istəmisiniz. Niyə bu qədər çox yoxlama görüşü keçirmək niyyətindəsiniz?
- Əgər siz oyunu diqqətlə izlədinizsə, ilk oyunda biz 2 heyətlə çıxış etdik. Qapıçı David Petrzkeviç istisna olmaqla, hər futbolçu meydanda 45 dəqiqə keçirdi. Bu yoxlama qarşılaşmalarında mümkün olduğu qədər hamıya şans verməyə çalışırıq. Nəticə mənim üçün vacib deyil. Biz ilk hissədəki heyəti dəyişməyib, qələbə hesabını qoruyub saxlaya da bilərdik. Ancaq mənə əsas və ikinci komandada kimlərin olacağını və eləcə də kimlərlə yollarımızı ayıracağımızı müəyyənləşdirmək üçün bütün futbolçuları sınamaq lazımdır.

- Komandada Tacikistan yığmasının mərkəz müdafiəçisi Dövran Erqaşev də oynadı. Onun çıxışı sizi nə dərəcədə razı saldı?
- Mənim çox xoşuma gəldi. Onun komandada qalmaq üçün şansı çoxdur.

- Əsas heyət üzvlərindən olan braziliyalı Leonardonu düşərgənizdə görmürük...
- Hələ Braziliyada istirahətdədir.

- Hamı düşərgədə olduğu halda, o, niyə ordadır?
- Bunu artıq Leonardonun özü bilər. Mən onun bu hərəkətindən narazıyam. Buna görə aylıq maaşından cərimə ödəməli olacaq.

- Komandanı gücləndirəcəksiniz?
- Hələlik komandada tacik futbolçu var və özünü yaxşı tərəfdən göstərir. Baxacağıq, lazım olsa, heyəti gücləndirəcəyik.

- Rafael Santosla müqavilə bağlamısınız. 2 ay futbol oynamamış futbolçunun heyəti gücləndirəcəyindən əminsiniz?
- Bunun üçün hazırlıq müddəti var. Biz onu müdafiə xəttimizi gücləndirmək üçün almışıq.

- Oynayacağınız rəqiblərin səviyyəsi sizi razı salırmı?
- Kifayət qədər yaxşı komandalardır. “Konyaspor”, Nijni-Novqorod “Volqa”sı və Moskva “Torpedo”su pis komandalar deyil.

- “Qəbələ” “Beşiktaş”la bir oteldə qalır. Bu komanda ilə oynamaq istəməzdiniz?
- İstəyərdim. Ancaq onlar oynamaq istəmədi. Hər 2 komandanın fərqli hazırlıq səviyyəsi var. Əgər bizimlə oynamaq istəsələr, buyursunlar.

Səbuhi TOFİQOĞLU
Bələk