Böyükağa Hacıyevin təyinatı rəsmiləşdi
11.01.2014 - 13:24
Böyükağa Hacıyevin təyinatı rəsmiləşdi
Bu gün “Neftçi”də prezidenti Sadıq Sadıqovun rəhbərliyi ilə klubdaxili toplantı keçirilib. Apasport.az saytının məlumatına görə, iclasda məşqçilər korpusunun yeni tərkibi təsdiqlənib.

Gözlənildiyi kimi, “ağ-qaralar”ı yenidən Böyükağa Hacıyev çalışdıracaq. 55 yaşlı mütəxəssisin köməkçiləri də bəllidir. Fiziki hazırlığa bundan sonra da ispaniyalı Ruben Selyes Salvador cavabdeh olacaq. Həmçinin, paytaxt klubunda aşağı yaş qruplarında çalışan sabiq oyunçusu Samir Əliyev də məşqçilər korpusunda yer alacaq. Serbiyalı Neboyşa Manoyloviç qapıçılar üzrə məşqçi vəzifəsində işini davam etdirəcək.

Daha öncə “Neftçi”də Hacıyevin köməkçiləri olan Bəxtiyar Musayevlə Kamal Quliyevin də paytaxt klubuna dönüşü rəsmiləşib. Musayev yenə seleksiyaçı məşqçi olacaq. Quliyev isə əsas komandada çalışmayacaq. O, əvəzedici heyətin baş məşqçisi təyin edilib.


Qeyd edək ki, “Neftçi”yə ikinci qayıdışı olan Böyükağa Hacıyev Çempionlar Liqasının II təsnifat mərhələsində “Skenderbeu” (Albaniya) ilə oyundakı uğursuzluğa görə istefa verdikdən sonra klub prezidenti Sadıq Sadıqovun müşaviri postunda çalışırdı.

Ondan sonra baş məşqçi postu Tərlan Əhmədova tapşırılsa da, o, “Xəzər Lənkəran”la Superkubok matçında məğlubiyyətdən sonra “ağ-qaralar”dan ayrılmaq məcburiyyətində qaldı. Sonradan bu posta Nazim Süleymanov gətirilsə də, o da bu postda duruş gətirə bilmədi.