Başın sağ olsun... Təbriklər!
11.01.2014 - 22:00
Başın sağ olsun... Təbriklər!
Bu gün Azərbaycan idmanında 2 hadisə baş verdi. Biri qrossmeysterimiz Vüqar Həşimovun uzun sürən xəstəlikdən vəfatı, digəri Böyükağa Hacıyevin “Neftçi”nin baş məşqçi postuna qayıdışı.

Birini idmanımız itirdi, digərini “Neftçi” qazandı.

Başın sağ olsun, Azərbaycan idmanı!

Təbriklər, “Neftçi”!

Böyükağa Hacıyevin də, Vüqar Həşimovun da xəstəliklərinin diaqnozu mahiyyətcə eyni. Biri o birindən 2 yaş böyük. Biri 56, digəri 28 yaşında. Biri hələ də yaşayır, 2-ci dəfə baş məşqçi postuna qayıdır, gedişindən qayıdışınadək 2 baş məşqçini “yola salır”. Günü bu gün də Avroliqanın qrup mərhələsinə yüksəlməsi ilə öyünür...

O biri isə artıq aramızda yoxdur. Qısa ömrü boyunca təkcə Azərbaycanda deyil, bütün dünyada ən aparıcı şahmatçılar sırasınadək yüksəlməyi bacardı. Avropa çempionu oldu. Və... həm oyunu, həm də ölümü ilə hamını mat qoydu.

Deyirlər, Allah bütün canlılara müəyyən yaşadək ömür verir. Həmçinin, insanlara da. Hansısa yaş həddindən sonrakı illər isə artıq digər canlıların ömründən insana calananlardır. Bax, Vüqar sözün həqiqi mənasında ƏSL İNSAN ÖMRÜ yaşadı. 28 yaş - nə yaşdır ki...

O, təkcə ömrün insana aid olan müddətini yaşamadı, həm də yaşatdı…

İnsanlara neçə-neçə sevinc anları yaşatdı. 2009-cu ildə Azərbaycan yığması Avropa çempionluğunu daha çox onun birinci taxtadakı parlaq çıxışı sayəsində əldə etdi.

Həmin yarışdan sonra milli komandadan ayrı düşdü. Əvvəlcə özünə qarşı biganəlikdən, ayrıseçkilikdən şikayətləndi. Sonra xəbər çıxdı ki, ağır xəstəliyə düçar olub. Həkim nəzarəti altındadır, gəzdirilmədiyi, aparılmadığı ölkə qalmayıb.

Əslində, şahmat oynadığı vaxt da çox ölkədə olmuşdu, gənc şahmatçı kimi dünyaya səs salmışdı. Amma şahmat masasını artıq cərrah masasına dəyişmişdi. Vaxtilə uğuruna sevinənlər indi onun sağalacağı ümidi ilə xoş soraq gözləyirdilər.

Bu gün Azərbaycan idmanında 2 hadisə baş verdi. Biri Vüqar Həşimovun vaxtsız vəfatı, digəri… Yox, əslində Böyükağa Hacıyevin “Neftçi”yə qayıdışı hadisə deyil.

Çoxdan bilinirdi. İyulda istefa verdiyi gündən peşmanladığını gizlətmirdi. Sələfləri Tərlan Əhmədovla Nazim Süleymanovun yerinə göz dikdiyini də gizlətmirdi.

“Neftçi” rəhbərliyi isə Hacıyevi postuna qaytardığını gizlədirdi. Guya bunun üçün xüsusi iclas çağırıblarmış. Hə, cəmi 3 ay öncə Hacıyevin qayıdışının qeyri-mümkünlüyünü deyən klub prezidenti Sadıq Sadıqovun rəhbərliyi ilə.

Hacıyevi elə Süleymanov istefaya verdiyi gün baş məşqçi vəzifəsinə qaytardıqları hamıya aydın idi. Sadəcə, açıqlamırdılar. Çünki aranın sakitləşməsini, mətbuatın Hacıyevin qaytarılmasını şiddətlə qınayıb qurtardığı məqamı gözləyirdilər.

Bax, o məqam Vüqar Həşimovun dünyasını dəyişməsindən sonra yetişdi. İndi heç kəsi “Neftçi”nin baş məşqçi postuna kimin və hansı yolla qayıtması maraqlandırmır. Axı o boyda idmançını itirmişik...

Başın sağ olsun, Azərbaycan idmanı!

Təbriklər, “Neftçi”!

Elşən MƏMMƏDOV
lent.az