Berti Foqts Roberto Karlosla görüşdü
13.01.2014 - 11:55
Berti Foqts Roberto Karlosla görüşdü
Yanvarın 10-dan etibarən Türkiyənin Antalya şəhərində olan Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Braziliya millisinin əfsanəvi futbolçusu Roberto Karlosla görüşüb. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasında çıxış edən klubların məşqini və yoxlama oyunlarını izləmək üçün qardaş ölkəyə yollanan almaniyalı mütəxəssis tanınmış simalarla da bir araya gəlir.

Braziliya futbolunun canlı əfsanəsi və 2002-ci ildə dünya çempionu olmuş, hazırda Türkiyə Superliqasında çıxış edən, millimizin üzvü Cihan Özkaranın da formasını geyindiyi “Sivasspor” klubun baş məşqçisi Roberto Karlosla görüşdə də fikir mübadiləsi aparıb.

Qeyd edək ki, Berti Foqts və onun köməkçisi Volfqanq Rollf “Simurq”un baş məşqçisi Georgi Çixradze ilə də görüşüb, həmçinin komandanın məşqini izləyib. Almaniyalı mütəxəssis daha öncə "Qarabağ", "İnter" və "Xəzər Lənkəran"ın oyunlarını və məşqlərini izləyib, komandaların baş məşqçiləri ilə görüşərək fikir mübadiləsi aparıb.