“Ulduz futbolçuların transferi mütləq olacaq”
13.01.2014 - 14:00
“Ulduz futbolçuların transferi mütləq olacaq”
“Xəzər Lənkəran” klubunun baş məşqçisi Mustafa Dənizlinin apasport.az saytının Türkiyənin Antalya şəhərinə ezam olunmuş əməkdaşına müsahibəsi

- Komanda rəhbərliyiniz altında ilk dəfə təlim-məşq toplanışı üçün bir araya gəlib. Hazırlıq prosesi necə gedir?
- Hər şey yaxşıdır. Hazırlıq üçün münasib şərtlər var. Heyətimiz yavaş-yavaş formalaşır. Bizə yeni qoşulan oyunçular olacaq. Komandaya 2 nəfər gənc futbolçu cəlb etmişik – Slavik Alxasovla Orxan Əliyev. Daha 2 oyunçu da olacaq, buna ehtiyacımız var. Həm məşqlərimiz davam etdiririk, həm transferlə maraqlanırıq. Çərşənbə axşamı oynayacağımız yoxlama matçına hazırlaşırıq.

- Alxasovla Əliyevin “Xəzər Lənkəran”a transferi müzakirələrə yol açdı. Həmin futbolçuları özünüz bəyənmisiniz, yoxsa yaş limitinə görə məcburiyyətdən alınıblar?
- Məcburiyyət 21 yaşadək olmaları ilə bağlıdır. Hazırda biz limit məsələsini Orxan Sadıqlı və Ağabala Ramazanovun xidmətlərindən yararlanaraq həll edirik. Ancaq Allah göstərməsin, sabah onlar zədələnərlərsə, işimiz çətin olar. Alxasovla Əliyevi həm yaxşı futbolçu olduqları, həm də limitə uyğun gəldikləri üçün aldıq. Slaviki bir neçə dəfə izlədim. Ancaq Əliyevi bizimlə oyunda gördüm. Klubumuzda çalışanlar onlarla bağlı müsbət fikir söylədilər.

- “Xəzər Lənkəran” kimi iddialı klubun iddiasız və autsayder komandadan futbolçu alması nə dərəcədə doğrudur?
- Bu, çox önəmli deyil. Bir komandanın vəziyyəti pis olsa da, orada yaxşı futbolçular ola bilər. Belə götürəndə, “Xəzər Lənkəran” da bu heyətlə Premyer Liqada 8-ci sırada olmamalıdır. Bunlar gənc futbolçulardı, inkişaf edib, aparıcı oyunçulara çevrilə bilərlər.

- Adətən qış fasiləsində transfer etmək çətin olur. Komandanızı gücləndirə biləcək futbolçular tapa biləcəksiniz?
- Yaxşı pulla transfer etmək mümkündür və ya hansısa yaxşı futbolçunun klubu ilə müqaviləsi bitibsə, onu gətirmək olar. Çempionatı başa çatan ölkələrdən oyunçu tapmaq olar. Məsələn, Braziliyada mövsümə yekun vurulub. Avropadan da kimlərisə almaq mümkündür.

- “Xəzər Lənkəran” artıq bir həftədir Antalyadadır, lakin heç kimi heyətinə qatmayıb. Gecikdiyinizi düşünmürsünüz?
- Xeyr, belə bir problemimiz olmaz. Zatən, 7-8 oyunçu almaq imkanımız yoxdur. Maksimum 3 futbolçu alacağıq, onlara baxırıq.

- Həmin futbolçular hansı mövqelər üçün nəzərdə tutulub?
- Biri qapıçı, digəri orta xətt oyunçusu olacaq. Bir hücumçu da nəzərdə tutulub. Duqlas Leyte, Edu Oriol və Radomir Todorov getdi, 3 oyunçu itirdik. Elnur Allahverdiyevin dönəcəyini düşünürdüm, olmadı.

- Sizin kimi adlı-sanlı mütəxəssisin Azərbaycana gəlişindən sonra çoxları tanınmış futbolçunun transfer ediləcəyini gözləyir. Belə bir namizəd var?
- Mən də eyni qənaətindəyəm. Ancaq turnir cədvəlinə baxdığımızda, əsas rəqiblərlə aramızda böyük xal fərqinin olduğunu görürük. Sizin düşündüyünüz transferlər yazda, növbəti mövsüm üçün transfer oluna bilərlər. Planlarımız bu cürdür. Lakin bu, o demək deyil ki, cari mövsümdə iddialı olmayacağıq. Avrokuboklara düşmək üçün həm çempionatda, həm də kubokda şansımız var. Ulduz futbolçuların transferi növbəti mövsüm üçün mütləq olacaq.

- Avrokuboka düşmək şansınızı necə qiymətləndirirsiniz?
- Hədəf çempionatı ilk “üçlük”də bitirməkdir. Azərbaycan kubokunu qazansaq isə birbaşa vəsiqə qazanacağıq.

- Yeni gələn qapıçı Vyekoslav Tomiçlə müqavilə bağlanılacaq?
- Böyük ehtimalla, bəli. Mən futbolçunun adını verdim, transferi həll etmək idarəçilərin işidir.

- Toplanış dönəmində 2 yoxlama matçı az deyil?
- Biz burda 5 yoxlama matçı da keçirə bilərdik, problem deyil. Bu qədər oyun keçirmək tərəfdarı deyiləm. Maksimum 3 ola bilər. Ayın 14-də “Çaykur Rizespor”la, 18-i isə “Gənclərbirliyi” ilə qarşılaşacağıq. Böyük ehtimalla, yanvarın 23-də 1 matç da keçirəcəyik. Bununla da toplanışı bitirəcəyik. Yoxlama görüşləri o qədər önəmli deyil. Millidə, “Qalatasaray”, “Beşiktaş” və digər komandalarda çalışanda da bu cür oyunların çox olmasına üstünlük verməzdim.