Mustafa Dənizli: Limiti müzakirə etmək lazımdır
14.01.2014 - 22:00
Mustafa Dənizli: Limiti müzakirə etmək lazımdır
“Oynadığımız ilk yoxlama matçı idi. Oyun göstərdi ki, hazırlıq işlərimiz düzgün istiqamətdədir”. Bu sözləri apasport.az saytına “Xəzər Lənkəran” klubunun baş məşqçisi Mustafa Dənizli deyib.

“Xəzər Lənkəran” bu gün Antalyada ilk yoxlama oyununu keçirib. “Ağ-yaşıllar” Türkiyə Superliqasının təmsilçisi “Çaykur Rizəspor”la üz-üzə gəliblər. Dənizli qolsuz heç-heçə başa çatan görüşün ardından fikirlərini bölüşüb: “Önəmli olan məşqlər, hazırlıq prosesidir. Yoxlama görüşləri bir növ testdir. “Çaykur Rizespor” Superliqanın yaxşı komandalarından biridir. Onların da qol vəziyyətləri oldu, bizim də. Ancaq belə matçlarda nəticə önəmli deyil. Bizdə hazırda əsas heyət yoxdur. Hər oyun “11-liy”i dəyişə bilərik. Yeni oyunçularımız da var. Gəncləri limitlə bağlı almışıq. Əslində, bu limit məsələsini də müzakirə etmək lazımdır. Azərbaycan futboluna nə qazandırır, nə qazandırmır, bunu hərtərəfli ölçüb-biçmək vacibdir. Daha 2 transfer edəcəyik. Onlar reallaşdıqdan sonra daha rahat hazırlaşacağıq.

Yeni qapıçımız Vyekoslav Tomiç Türkiyə Superliqasında 3 il çıxış edib, etibarlı oyunçudur. Faydalı olacağını düşünürəm. Bizim 1 qapıçımız getdiyi üçün bu transferi həyata keçirdik”.