“Son dəqiqələrdə top buraxmaq, bizə dərs oldu” - MÜSAHİBƏ
15.01.2014 - 00:01
“Son dəqiqələrdə top buraxmaq, bizə dərs oldu” - MÜSAHİBƏ
“Qəbələ”nin hollandiyalı yarımmüdafiəçisi Lorentso Ebesilionun apasport.az saytının Türkiyəyə ezam olunmuş əməkdaşına müsahibəsi

- Hazırlıqlar necə gedir?
- Məşqlər öz axarı ilə davam edir. Biz ağır məşqlər keçirik. Çünki istirahətdə olduğumuz günlərin əvəzini bu məşqlər vasitəsilə çıxmalıyıq. Baş məşqçimiz nə etmək lazım olduğunu bilir. Biz fevralın 1-dək hazır vəziyyətdə olmalıyıq.

- Komandanızın keçirdiyi ilk 2 yoxlama oyununu kənardan izlədiniz. 1 görüşdə komanda heç-heçə etdi, digərində isə qələbə qazandı...
- Komandanın ilk oyunda qələbə qazanmamasını anlamaq olar. Çünki bu birinci matç idi. Üstəlik, biz ilk hissədə yaxşı oynamışdıq. İkinci yarıda isə baş məşqçi futbolçuların səviyyələrini bilmək üçün daha çox gənclərə şans vermək qərarına gəldi. Düşünürəm ki, ilk matçda son dəqiqələrdə top buraxmaq, bizə dərs oldu. Ona görə də düşündüyüm kimi, Qazaxıstan klubunu məğlub etməkdə çətinlik çəkmədik.

- Leonardo və Daniyel Subotiçlə yanaşı, komandanın liderlərindən sayılırsınız. Ancaq braziliyalı futbolçu qaydaları pozaraq toplanışa qatılmayıb. “Metallurq”da bir yerdə oynadığınız Leonardo üçün darıxmırsınız ki?
- Təbii ki, mən komandada olan bütün futbolçuların burda olmasını istəyərdim. Ancaq onun Türkiyəyə niyə gəlmədiyini bilmirəm. Ona görə də bu haqda bir şey deyə bilmərəm.

- Sizin “Beşiktaş”ın kanadalı futbolçusu Atiba Hatçinsonla görüşdüyünüzü gördük. Onunla nə haqda söhbət edirdiniz?
- Tək onunla yox, “Beşiktaş”ın digər futbolçusu Oğuzhan Özyakupla da görüşdüm. Onunla dostam. “Alkmar” və “Arsenal”ın yetirməsidir. Hollandiyanın aşağı yaş qruplarında bir yerdə çıxış etmişik. Hatçinsonla isə Hollandiyada bir neçə dəfə üz-üzə oynamışıq. O, PSV-də olanda mən “Ayaks”da idim. Hər 2 futbolçu ilə ümumi futbol haqqında danışdıq, hal-əhval tutduq.

- Sizdən öncə “Qəbələ”də hollandiyalı futbolçuların oynadığını bilirsiniz?
- Kimləri nəzərdə tutursunuz ki?

- Stiv Olferslə Kollins Conu.
- Olfersi tanımıram. Ancaq Conla tanışlığım var.

- “Qəbələ”yə keçəndə Conla danışmaq imkanınız oldu? Hər halda yad bir ölkəyə gəlirdiniz...
- Özü mənə zəng vurmuşdu. Dedi ki, eşitmişəm ki, mənim sabiq komandama gedirsən. Mənə uğurlar arzuladı. “Qəbələ”nin yaxşı klub olduğunu, Azərbaycanda fərqli mədəniyyətlə üzləşəcəyimiz söylədi.

Səbuhi TOFİQOĞLU
Bələk