“Holştayn”ın baş məşqçisi “İnter” üzərindəki qələbədən danışdı
15.01.2014 - 20:19
“Holştayn”ın baş məşqçisi  “İnter” üzərindəki qələbədən danışdı
“Düşünürəm ki, bu komandaya qarşı yaxşı oynadıq. 3:0 hesablı qələbə yaxşı nəticədir. Əsas odur ki, bu matçda nə etmək istədiyimizi başa düşdük”. Bunu apasport.az saytına Almaniyanın “Holştayn” klubunun baş məşqçisi Karsten Naytsel deyib.

Bu gün “İnter” 2-ci yoxlama oyununda Almaniyanın 3-cü liqasının debütantı Kil “Holştayn”ı ilə üz-üzə gəlib. Qarşılaşma almanların ilk hissədə vurduğu 3 cavabsız qolla başa çatıb.

Qarşılaşmadan sonra açıqlama verən “Bohum”un 46 yaşlı sabiq məşqçisi Aleksandr İaşvili və Kaxaber Sxadadzeni tanıdığını bildirib: “Almaniyada 2 hazırlıq oyunu keçirmişdik. Türkiyədə isə ilk hazırlıq matçımız idi. Sevinirəm ki, burdakı ilk görüşümüzdən qələbə ilə ayrıldıq. İaşvili mənim rəhbərliyim altında oynayıb. “Frayburq” və “Bohum”da çalışdığım vaxt bu komandalarda çıxış edib. Ona görə də onu yaxşı tanıyıram. Bilirdim ki, o, “Bohum”dan ayrıldıqdan sonra sizin ölkədə çıxış edir. Sxadadzeyə gəlincə, onu da tanıyıram. O, “Ayntraxt”da çıxış edəndə mən də futbol oynayırdım. Ancaq onunla sadəcə görüşdük, söhbət etmək imkanımız olmadı”.

Səbuhi TOFİQOĞLU
Bələk