Messi Ronaldonu arxada qoydu
16.01.2014 - 13:17
Messi Ronaldonu arxada qoydu
2013-cü ilin ən məhsuldar çempionat oyunçularının siyahısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) ötən il başa çatan milli çempionatlarda 25 və daha çox qol vuran futbolçuların cədvəlini tərtib edib. Planetin ən güclü 60 çempionatına əsasən açıqlanan siyahıda “payız-yaz” sistemi ilə keçirilən 2012/13, “yaz-payız” sistemi ilə başa çatan 2013 mövsümlərinin nəticələri nəzərə alınıb.

İFFHS-in sıralamasında birinci yeri İspaniyanın “Barselona” klubunun argentinalı hücumçusu Lionel Messi tutub. Ötən mövsüm 46 qol vuran futbolçu ikinci pillədə qərarlaşan və əzəli rəqibi “Real”ın (İspaniya) portuqaliyalı oyunçusu Kriştianu Ronaldonu 12 qol qabaqlayıb. Üçüncü yerə isə kot d’ivuarlı Vilfried Boni (Vitess, Hollandiya) və boliviyalı Karlos Saukedo (San Xose, Boliviya) şərikdirlər. Onların hər ikisi rəqib qapısına 31 dəfə yol tapıblar.

Ümumilikdə isə siyahıda 18 futbolçunun adı var.

Qeyd edək ki, Azərbaycan çempionatı dünyanın 84-ci birinciliyi olduğundan, Topaz Premyer Liqasının qolçularının nəticələri hesablanmayıb.