Çempionlar Liqasının (ÇL) yarımfinal mərhələsində “Real”la cavab görüşü “Çelsi”nin yarımmüdafiəçisi Meyson Maunt üçün əlamətdar olub.
Apasport.az saytının məlumatına görə, komandasının 2:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada son nöqtəni qoyan gənc futbolçu 10 illik həsrətə son qoyub.
22 yaşlı oyunçu məhz 10 ildən sonra turnirin bu mərhələsində qol vuran ilk ingilis futbolçudur. Sonuncu dəfə 2011-ci ildə “Mançester Yunayted”in hücumçusu Ueyn Runi “Şalke” ilə görüşdə bunu bacarıb.
Londonluların qapıçısı Eduard Mendi isə yeni rekorda imza atıb. 29 yaşlı seneqallı qolkiper cari mövsüm ÇL-in 11 matçının 8-də qapısını toxunulmaz saxlamağı bacarıb. İndiyə qədər İngiltərə klublarının heç birinin qapıçısı bu turnirdə belə göstəriciyə imza atmayıb.
Qeyd edək ki, “Çelsi” mayın 29-da keçiriləcək final görüşündə “Mançester Siti” ilə qarşılaşacaq.