Azərbaycan millisi sabah növbəti yoldaşlıq görüşünü keçirəcək. Apasport.az saytının məlumatına görə, yığmamız bu dəfə səfərdə meydana çıxacaq.
Belə ki, Qurban Qurbanovun yetirmələri Astanada Qazaxıstanın qonağı olacaq.
Bir neçə gün əvvəl Qırğızıstanı böyük hesabla (3:0) məğlub edən futbolçularımız Qurbanovun rəhbərliyi altında ilk qalibiyyəti əldə etmişdilər. 2018-ci ilin 5-ci sınağındakı rəqib isə daha güclüdü.
Bu, komandamızın 26 illik tarixində 239-cu matçı olacaq. İlk oyununu 1992-ci ilin sentyabrın 17-də səfərdə Gürcüstana qarşı keçirib, 3:6 hesabı ilə uduzan komandamız indiyədək 238 qarşılaşmada meydana çıxıb. Bunadək 45 qələbə qazanan yığma 64 dəfə heç-heçə edib, 129 məğlubiyyət alıb. Millimiz bu matçlarda 174 dəfə rəqib qapısına yol tapıb. Qapıçılarımız rəqiblərinin 402 qoluna üzülüb.
Qazaxıstanla görüş Qurban Qurbanovun baş məşqçi postunda 5-ci sınağı olacaq. O, komandanı bu il keçirilən 4 matça çıxarıb. 1 qələbə, 2 heç-heçə və 1 məğlubiyyətlə yadda qalan futbolçularımız 4 qol vurub, 2-ni buraxıb.
Sabahkı görüş FİFA reytinqinə əlavə olunacağından, qalibiyyət komandamız üçün vacibdi. Belə olarsa, millimizin xal hesabı 335-ə yüksələcək. 14 xallıq səfər qazancı təxminən 102-ci yerə qədər irəliləmək imkanı verəcək.
Yoldaşlıq görüşü
5 iyun
20:00. Qazaxıstan – Azərbaycan
Hakimlər: Aleksandr Tyan, Andrey Bodyan, Viktor Mardari, Dmitri Muntyan (hamısı Moldova)
Astana, “Astana Arena”