Azərbaycan millisi sabah növbəti oyununu keçirəcək.
Apasport.az saytının məlumatına görə, yığmamız Türkiyə ilə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.
Alanyadakı qarşılaşma komandamızın tarixində 267-ci sınaq olacaq.
İlk görüşünü 1992-ci il sentyabrın 17-də Gürcüani şəhərində Gürcüstan yığmasına qarşı oynayıb, 3:6 hesabı ilə uduzan komandamız indiyədək 266 matça çıxıb. Hesabında 50 qələbə və 73 heç-heçə olan yığma 143 dəfə uduzub. Əvvəlki 266 qarşılaşmada 196 qol vuran futbolçularımız 441 top buraxıb.
Yığmamızın səfər görüşü 127-ci yoldaşlıq oyunu olacaq. Qeyri-rəsmi beynəlxalq turnirlər və yoxlama görüşləri çərçivəsindəki əvvəlki 126 matçda komandamız 34 qələbə qazanıb, 43 heç-heçə edib və 49 dəfə uduzub. Alanyada məğlub olacağı halda bu rəqəm 50-yə çatacaq. Rəqib qapısından 116 top keçirən futbolçularımız 159-nu buraxıb.
Bu, millimizin baş məşqçi Canni de Byazinin rəhbərliyi altında 11-ci sınağı olacaq. İtaliyalı çalışdırıcı ilə keçirilən əvvəlki 10 matçda komandanın hesabında 1 qələbə, 4 heç-heçə və 5 məğlubiyyət var. Futbolçularımız bu görüşlərdə 4 dəfə fərqlənibsə, rəqiblər 9 qola sevinib.
Onun rəhbərliyi altında keçirilən 2 rəsmi xarakterli görüşdə bir heç-heçə və bir məğlubiyyət qeydə alınıb. Sloveniya ilə qolsuz heç-heçə edən milli Qətərə 1:2 hesabı ilə uduzub.
De Byazinin yetirmələri meydana uğursuz seriyaları qırmaq üçün çıxacaq. Yığmamız ötən il sentyabrın 8-də səfərdə Kipri 1:0 hesabı ilə məğlub edəndən sonra 8 matçdır qələbəyə həsrətdir. Bu müddətdə 4 heç-heçə və 4 məğlubiyyət olub.
Milli 2021-ci ildə 4-cü oyununa çıxacaq. Bu il keçirdiyi qarşılaşmalarda məğlubiyyətdən başqa nəticə tanımayan futbolçularımız seriyanı qırmağa çalışacaq. Bunadək yığma Portuqaliyaya 0:1, Qətərlə Serbiyaya eyni – 1:2 hesabı ilə uduzub. Avropalılarla matçlar DÇ-2022-nin seçmə mərhələsində, Qətərlə isə yoldaşlıq görüşü çərçivəsində baş tutub.
Qeyd edək ki, sabahkı Türkiyə - Azərbaycan matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Vüqar Xeyrullayev