Çempionlar Liqasının I təsnifat mərhələsinin sabah keçiriləcək “Olimpiya” - “Qarabağ” görüşü maraqlı məqamla diqqət çəkir. Apasport.az saytının məlumatına görə, qarşılaşma Azərbaycan çempionunun futbolçusu Ansi Aqolli üçün xüsusi önəm kəsb edir.
Albaniyalı müdafiəçi Sloveniyada meydana çıxsa, Ağdam klubunun heyətində 300-cü oyununu keçirəcək. 2010-cu ildən “Qarabağ”da çıxış edən legioner komandasında indiyədək 299 matç keçirib. Nəticəsi ləğv olunan matçların hesaba alınmadığı statistikada onun hesabında 4 qol var.
Aqolli 8 ildi oynadığı klubun formasını Azərbaycan Premyer Liqası, ölkə kuboku, Çempionlar Liqası və Avropa Liqasında geyinib. Albaniyalı ölkə çempionatında 212 qarşılaşmada rəqib qapılarından 3 top keçirib.
Azərbaycan kubokunda 22 matça çıxan legioner hələlik qol hesabını aça bilməyib. O, avrokuboklarda ümumilikdə 65 dəfə şans qazanıb və 1 dəfə toru silkələyib. Bu oyunların 22-si Çempionlar Liqası, 43-ü Avropa Liqasına təsadüf edib. Yeganə qol da ikinci dərəcəli klub turnirində qeydə alınıb.
Ansi 299 oyun keçirib, 4 qol vurduğu “Qarabağ”ın heyətində Azərbaycan çempionatlarında 5 qızıl, 1 gümüş, 1 bürünc medal əldə edib, 3 dəfə Azərbaycan kubokunun qalibi olub.
Aqolli “Qarabağ”ın 31 illik tarixinə 300 və daha çox oyun keçirən 7-ci futbolçu kimi düşəcək. Söhbət 1987-ci ildə yaradılan klubun rəsmi matçlarında ən azı 300 oyun keçirənlərdən gedir ki, burada beynəlxalq və ölkədaxili turnirlər hesablanır, regional yarışlar nəzərə alınmır. 3-cü “yüzlüy”ü fəth edən müdafiəçiyədək yalnız 6 oyunçu bunu bacarmışdı. Onların hamısı yerli oyunçular olduğundan Aqolli həm də Ağdam klubunda ən çox matç keçirən legionerdi.