Çempionlar Liqasının (ÇL) final matçı ilə Avropada 2020/21 mövsümünə yekun vurulacaq.
Apasport.az saytının məlumatına görə, Porto şəhərində İngiltərə klubları “Mançester Siti” ilə “Çelsi” arasında keçiriləcək görüş iki komandanın baş məşqçisinin 8-ci dueli kimi yadda qalacaq.
Pep Qvardiola indiyə qədər “Bavariya” və “Mançester Siti”də, Tomas Tuxel isə “Mayns”, Dortmund “Borussiya”sı və “Çelsi”nin sükanı arxasında həmkarına rəqib olub. Bu yazıda hər iki mütəxəssisin üz-üzə gəldiyi matçlara nəzər yetirəcəyik.
“Bavariya” – “Mayns” – 4:1 (19 oktyabr 2013-cü il)
Qvardiola ilə Tuxel ilk dəfə 2013/14 mövsümünün birinci dövrəsində rəqib olub. “Bavariya” üçün asan keçən görüşdə münhenlilər 3 xalı 4 qolla qazanıb.
“Mayns” – “Bavariya” – 0:2 (22 mart 2014-cü il)
Bu görüşü “Mayns” yüksək səviyyədə keçirsə də, yekunda təcrübə qalib gəlib. XXVI turun 80-ci dəqiqəsində hesab açılmamışdı. Lakin Bastian Şvaynştayger və Mario Götzenin son 10 dəqiqədəki qolları ev sahiblərinin əziyyətini puç edib.
“Bavariya” – “Borussiya”, Dortmund – 5:1 (4 oktyabr 2015-ci il)
Qvardiolanın dönəmində “Bavariya”ya ən çox çətinlik yaradan komanda dortmundlular idi. Ancaq ispaniyalı mütəxəssisin yetirmələrinin “Borussiya”nı böyük hesabla üstələdiyi matçlar da olub. 2015/16 mövsümünün VIII turunda Tuxelin kollektivi meydana çıxmağına peşman olub.
“Borussiya”, Dortmund – “Bavariya – 0:0 (5 mart 2016-cı il)
2015/16 mövsümü Pvardiolanın “Bavariya”dakı son mövsümü idi. Bundesliqanı yenə çempion kimi tamamlayan münhenlilər “Borussiya” ilə görüşdə qolsuz bərabərliklə kifayətlənmişdi. Bu, Tuxelin Qvardiolaya uduzmadığı ilk oyun idi.
“Bavariya” – “Borussiya”, Dortmund – 0:0 (penaltilərlə - 4:3) (21 may 2016-cı il)
Portodakı görüş iki çalışdırıcı arasında baş tutacaq ilk final olmayacaq. 2016-cı ildə onlar Almaniya kubokunu qazanmaq üçün həlledici görüşdə texniki zonadakı yerlərini tutublar. “Bavariya”nın üzü yalnız penaltilər seriyasında gülüb.
“Çelsi” – “Mançester Siti” – 1:0 (17 aprel 2021-ci il)
Qvardiola ilə Tuxelin İngiltərədəki ilk dueli kubok matçına təsadüf edib. Yarımfinalda “Çelsi” rəqibini 1 topla üstələyib. Bu, Tuxelin Qvardiola üzərindəki birinci qalibiyyəti kimi tarixə düşüb.
“Mançester Siti” – “Çelsi” – 1:2 (8 may 2021-ci il)
Bu, bir növ Çempionlar Liqasının finalı öncəsi hazırlıq idi. “Mançester Siti” qalib gəlsəydi, çempionluğunu elan edəcəkdi. “Çelsi” isə Premyer Liqada ilk “dördlük”dəki yerini riskə atmaq istəmirdi. Səfər qələbəsi londonluların ÇL-ə vəsiqə qazanmasında böyük rol oynayıb.